“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la (2:0) oyundan sonra brifinq keçirib.
"Qafqazinfo" həmin müsahibəni təqdim edir:
- Oyun barədə fikirləriniz... Komandadan qələbə gözləyirdiz?
- Qorxudruq ki, birdən ilk oyunun nəticəsinə görə arxayınlıq olar, hardasa boşluq verə bilərik. Oyundan əvvəl oyunçularla danışmışdıq. Sevinirəm ki, komandaya lazım olan ruhu verə bildik. Bütün futbol ictimaiyyətini bu qələbə və növbəti mərhələyə yüksəlməyimiz münasibətilə təbrik edirəm.
- May ayını maaşları artıq verilməliydi. Oyunçular məvaciblərini alıblarmı?
- Bütün fikrimizi bu oyuna yönəltmişdik. Komandada maaş barədə heç bir narazılıq yoxdur, hamı razıdır. Artıq bu problemlər bitib. Maaşlar da verilib.
- Oyundan sonra komanda sizi alqışladı. Deyəsən, mükafat söz vermişdiz...
- Xeyr, mükafat barədə söhbətimiz olmayıb. Sadəcə, qələbəyə görə komandanı təbrik elədim. Onlara çatdırdım ki, qarşıda növbəti oyuna qədər 5 gün qalıb. Vaxt azdı, hazırlaşmaq lazımdı. Hər birinə gözəl oyuna görə təşəkkürümü bildirdim.
- Baza məsələsi nə yerdə qaldı?
- Bu, bir az çətin məsələdi. Açığı, bizim üçün sürpriz oldu. Gözləmirdik. “Aqrarkredit bank” bizimlə müqaviləni uzatmaq istəmədi. Bu yaxınlarda “İnter Arena”nı boşaldacağıq. 2-3 günə yeni bazamıza köçəcəyik. Komanda Mərdəkandakı “Dalğa Arena”da məskunlaşacaq. Burda yerləşmək üçün hər cür şərait var.
- Komandanın formalarının üstündə “Səmayə” yazılması nə ilə bağlıdır?
- “Səmayə” şirkəti uzun müddətdi ki, futzalda “Araz” komandasını dəstəkləyir. “İnter”ə də maliyyə məsələləriylə bağlı müəyyən dəstəyi oldu. Avropa Liqası oyunlarında bu şirkətin adı yazılan formalar geyinirik. Bu, yalnız avrokubok oyunlarına aiddir. Yəqin ki, çempionata qədər başqa sponsor tapılar. Hələ vaxtımız var. Belə şeylərə fikir verməmək lazımdır. Əsas meydandakı oyundur. Serbiya klubunu belə bir hesabla keçdiyimizə görə çox sevinirik.
- Növbəti mərhələdəki rəqibin Moldova deyil, Lüksemburq klubu olması sizi təəccübləndirmədi?
- Artıq Avropada zəif komanda yoxdu. Onlar öz oyunları ilə növbəti mərhələyə yüksəliblər. Rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşacağıq. Vaxtımız azdır. Cəmi 5 günümüz var. Bütün fikrimizi buna yönəltməli və ən yaxşı şəkildə hazırlıq keçməliyik.
- Səlahət Ağayevin avqustun 1-dən etibarən “Neftçi”yə qoşulacaq. “İnter” Avropa Liqasında daha da irəli getsə, bu məsələni necə yoluna qoyacaqsız?
- “Neftçi”yə öz təşəkkürümüzü bildiririk ki, komandanın ağır vəziyyətində bizə dəstək oldular. Səlahət bu oyunlarda bizə çox kömək edir. Avqustun 1-ni gözləyək. İrəli gedə bilsək, yenə “Neftçi” rəhbərliyindən xahiş edərik ki, Səlahət bizə kömək etsin.
- Kamran Ağayevin transfer qadağası qalxan kimi “İnter”lə müqavilə bağlayacağı deyilir...
- Hər komanda istər ki, Kamran kimi qapıçısı olsun. O, millinin əsas oyunçusudu. Ancaq yanvara qədər hələ vaxt var. Ona qədər kimi götür-qoy edəcəyik. Mən bir klub rəhbəri kimi istərdim ki, Kamran Ağayev “İnter”də oynasın.
- Yeni dəbdəbəli avtobusun komandaya sizin hədiyyəniz olduğu deyilir…
- Bu avtobusu AFFA-nın dəstəyi ilə əldə elədik. Elə buna görə AFFA rəhbərliyinə də təşəkkür edirəm.
- Avtobusun üzərindəki loqo fərqlidi. Rebrendinq baş verəcək?
- Əlbəttə, dəyişiklik olacaq. Qeyd etdiyim kimi, loqoda da, formada da dəyişiklik olacaq. Artıq yeni bazaya da köçürük yaxın zamanda.
- Azarkeşlərlə iş aparırsızmı?
- Təbii ki, futbol azarkeşlər üçündü. Bu gün də gəlib bizə dəstək olduqları üçün onların hər birinə təşəkkür edirəm. Azarkeşlərlə bağlı da iş aparırıq. Bu yaxında fan-klublarla da görüşmüşük. Bu istiqamətdə də müəyyən addımlar atacağıq.