Xəbər verdiyimiz kimi, hələ yayımlanmayan “Zeynəb”in baş qəhrəmanı Rumiyyə Ağayeva serialı ərsəyə gətirən “Baku Sky Company” və baş prodüser Kamran Cəfərovdan şikayətçi olub. Aktrisa çəkiliş heyətinin əmək haqlarının fevraldan bu günədək ödənilmədiyini iddia edib.
Baş prodüser Kamran Cəfərov “Qafqazinfo” ilə əlaqə saxlayaraq ittihamlara cavab verib.
O, serialın əvvəlcə başqa prodakşın tərəfindən çəkildiyini, şirkətin işçilərə 16 min manat borcu olduğunu bildirib: “Lap əvvəl serialın başqa prodakşın tərəfindən 4 bölümü çəkilib, dayandırılıb və bərbad bir vəziyyətdə bizə həvalə olunub. Bizim şirkət bu materialı xarab bir vəziyyətdə götürərək yenidən çəkmək qərarına gəlib. Heyətə veriləcək məvacib toplanaraq 16 min manat etmişdi. İşləyən zaman köhnə heyəti də çağırmışıq, könüllü ayrılanların isə yerinə başqalarını dəvət etmişik”.
.png)
K. Cəfərov qeyd edib ki, yeni çəkilişlər üçün R. Ağayeva ilə 31 çəkiliş günü barədə razılığa gəlinərək müqavilə imzalanıb:
“Baş qəhrəmanımız Rumiyyə Ağayeva isə ilk başdan serialda yer alıb. İşləməmişdən qabaq əvvəlki prodakşın tərəfindən verilməyən maaşları ödəmişik. Rumiyyə xanıma da 1000 AZN ödənilib və bunu təsdiq edən sənədlər var. Yenidən başlamaq üçün Rumiyyə xanımla 31 çəkiliş gününə görə müəyyən məbləğ danışdıq”.
Baş prodüser həmin günlərdə aktyor heyətinin əksəriyyətinin virusa yoluxduğunu, bu səbəbdən çəkilişlərin dayandığını vurğulayıb: “Dövr keçdi, çəkilişlər dayandı. Buna səbəb 5 gün qar yağması, arada texniki nasazlıqlar və s. olub. Prodakşındır, ola bilər ki, səsdə, məkanda problemlər yaransın.
Daha sonra Rumiyyə xanım koronavirusa yoluxdu. Xəstə olmamışdan bir gün öncə ona 500 manat ödənilib. Test nəticələri müsbət çıxdıqdan sonra 21 gün baş qəhrəmanı çəkə bilmədik, çəkilişlər dayandı. Daha sonra növbəti aktyorumuz (Xalq artisti Vidadi Həsənov-red.) virusa yoluxdu. Çəkilişlər yenidən dayandı.
İkinci rejissorumuz Əminə xanım da “COVID-19”a yoluxdu. Bütün planlaşdırma onun əlində idi. İkinci rejissorumuzu əvəz edəcək işçini tapmaq üçün 10 gün lazım olur. Çəkilişlər bir neçə müddət bu səbəbdən dayanmalı oldu.

Həmçinin, digər aktyorumuz, Əməkdar artist Pərviz Bağırov çəkiliş meydançasında insult keçirdi. Xəstəxanaya yerləşdirdik, 5 gün fasilə verdik ki, onun səhhəti barədə məlumat alaq. Sonra dedilər ki, vəziyyəti ağırdır. Məcbur olub yerinə başqa aktyor gətirdik. Tək Rumiyyə xanım yox, bütün heyətin alacağı var və ödənişləri onlara veriləcək. Pul kanal tərəfindən bizim hesaba köçürülməlidir ki, işçilərin qonorarları ödənilsin. Öz cibimdən Rumiyyə Ağayevaya ödəmək olardı, amma ayrı-seçkilik olmaz, bütün işçilərin pula ehtiyacı var. Birinə verib, digərinə verməmək olmur”.
K. Cəfərov söyləyir ki, Rumiyyə Ağayeva çəkilişlərə gəlmir və serial bitmədiyi üçün kanal onlara ödəniş edə bilmir: “Dəfələrlə rejissorumuz, aktyor heyəti də dəvət edib, lakin gəlməyib. O, çəkilişlərdə yer almalıdır ki, biz serialı kanala təhvil verək, onlar da bizim ödənişi köçürsünlər. Set daxilində yaranan problemlər kənara çıxırsa, bu, şirkətimin imicinə ziyandır. Çünki biz gələcəkdə digər aktyorlarla əməkdaşlıq edəcəyik. İstəmərik ki, onlarda şübhə yaransın. Çəkilişlərin dayanması bizdən asılı olmayan səbəbdəndir. Qış çəkilişləri hələ də qalıb. Hazırda qış səhnələrini necə çəkəcəyik? Palto, uzunboğaz ayaqqabıda? Bu istidə üz ifadələri dəyişəcək, istədiyimiz effekti ala bilməyəcəyik.

Özüm bu layihəyə 14-15 min manat pul qoymuşam, amma geri götürməmişəm. Çünki çəkiliş bitmir ki, kanal ödəniş etsin. Rumiyyə xanım mənimlə birgə banka getsin, görsün ki, hesaba ödəniş edilib, ya yox? 31 günlük müqavilə üçün imzalanan ödəniş barədə çəkiliş meydançasında başqa məbləğ açıqlayıb, iki qatını istəyib. Axırda rejissorumuz öz cibindən verməyə razılaşıb, təki iş getsin! Yekun olaraq qeyd edim ki, Rumiyyə Ağayeva çəkiliş prosesində iştirak etmədiyi üçün serial bitmir və biz kanala təhvil verə bilmirik. Bu səbəbdən də televiziya ödəniş etmir.
Biz dələduz deyilik. Dələduzluq odur ki, pul ola-ola heyətə ödəniş edilmir. Gərək çəkilişlər bitə, kanala təhvil verək və kanal bizə ödəniş etsin. Axı bu söz-söhbət telekanalın da imicinə zərər gətirir. Əgər kanal bu məsələyə görə serialı götürməkdən imtina etsə, nə olacaq? Bütün heyət mənim üzərimə gələcək, onun yox!”
K. Cəfərov aktrisaya ödəniləcək məbləğin qəbzlərini və müqavilənin sənədini təqdim edib.
Elvin Elxan


