“Mac Donalds”ın qabını siyirənlər

mac-donaldsin-qabini-siyirenler
Oxunma sayı: 2321


Ölkənin cavanları qarnını bir manatlıq dönərlə doldururlar. Hələ bir az Əhmədli tərəflərə gəlsəz, bir manatın içində ayran da hədiyyə edirlər. Kimi 20 qəpiklik peraşkisindən dişləyir, o biri qarın qutabını qatlayıb ağzına aparır. Təki mədə səsini kəssin. Bir az forslananlar da Donalds dayının əvəzolunmaz kotletlərindən dadmağa tələsirlər. Güya kücə ticarətində təklif olunan yeməklər oradakından qat-qat çirklidir. Hətta təzə tanış olanlar burada görüşməyi üstün tuturlar. Kefinə qeybət düşənlərdən tutmuş, uşağı gəzdirmək adıyla aradan çıxanları da burada görmək olar. Yekə-yekə xalalar, dayılar kartof çipsilərini xırtıldada-xırtıldada uşaqlarla yarışa girirlər. Anasının gül kimi, təzə xörəyini qoyub Donaldsın yeməyini almağa tələsənlər isə lap çoxdular. Ən qəribəsi isə odur ki, uşaqlar bura gəlmək üçün  həmin günü səbirsizliklə gözləyirlər. Valideynlər “özünü yaxşı aparsan, Mac Donaldsa aparacam” şərti ilə uşağını tərbiyələndirməyə çalışırlar. Söhbət gəlir çıxır, bir qarın yeməyə. Bura gələn yalnız nə isə almaq, mədəyə ötürmək üçün gəlir. Adı “tezbazar, ayaqüstü yemək” olsa da, bura girən çıxmağa tələsmir. İlin, günün bütün vaxtı adamı, müstərisi bol olur.

 Deyirlər, çoxunun marağında olan  bu kotletlərin, naqetlərin və ya Donaldsın çörəkarası  qəlyanaltılarının hər şeyi  xüsusi olaraq xaricdən gətirirlr. Deyən gərək, bizim ətimizə, danamıza, inəyimizə nə gəlib ki, xaricdən hazır paketlənmiş ət və ya kotletlər gəlsin. Deyirlər, kotletlər gizli reseptlə hazırlanır, orada içilən kola da tamam başqa yerdən gətirilir.  Axı nə var ki, bu adda restoranlardakı, camaatı oraya sürükləyir? Reklamı var, reklamı. Bakı kimi böyük olmayan şəhərdə hardasa hər metrostansiyası yaxınlığında restoranı var. Bu ora heç girmək fikri olmayanı da bura çəkib gətirir. Bekarçılıqdan tox olanın da qarşısında “kartof fri” deyilən çipsiləri görmək olar. Bu aralar camaatı da qınamalı deyil, kartof bahalaşandan çoxu evdə doyunca kartof qızartması da yeyə bilmir. Nə başınızı ağrıdım, Donolds dayının bazarı yaxşı işləyir. İşləmək istəyən gənclərə iş verilir. Bəlkə də ən yaxşı tərəfi budur. Bəs yeyilənlər? 

İngilislərin məşhur bir kulinarı var. Ceymi Oliver adlı bu aşbaz ölkəsində sağlam qidalanma ugrunda dəridən-qabıqdan çıxır. Ceymi, illərdir  uşaqların piylənməsinə qarşı təbliğata başlayıb, Mac Donaldsın “atasını yandıran” şərhlər verməkdən çəkinməyib, bu gün də fast-fud yeməklərinin yığışdırılmasının tərəfdarıdır. Hətta qidalanmada inqilab etməyi qarşısına məqsəd qoyan ingilis aşpaza 2003-cü ildə Britaniya höküməti tərəfindən mükafat verilib. “Mançester Siti” klubu belə aşbazla 5 illik müqavilə bağlayıb. Çeymi futbolçudan tutmuş stadion publikasını sağlam yeməklə bəsləməklə məşğuldur. Gör nələrə pullar xərclənir. 

O, Mac Donalds restoranlar şəbəkəsinin bir nömrəli düşmənidir. Ceymi həm də tv verilişləri ilə şöhrət tapıb. Camaat ona çox inanır. Mac Donaldsda bişirilən yeməklərin  həqiqi “üz”nü nümayiş etdirəndən sonra minlərlə insan burqer xəstəliyindən azad olub.

Bizdə isə yenə səssizlikdir. O, gün baş kulinarımıza imkan vermədilər ki, sözünü desin. Tahir müəllim yenicə ölkəyə xaricdən gətirilən dondurulmuş ətin keyfiyyətsizliyindən danışırdı ki, ağzından necə vurdularsa, mütəxəsis sus qaldı. Siz təssəvvür edin ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran müəllim hələ də bilmir ki, əti sümüyü ilə bir yerdə xırdalayan ətçəkən maşınlar var. 

Məni qınamayın, sağlam qidalanma yaralı yerimdir. Uşaqlarımızın mədəsinə yazığım gəlir. Qastritli və ya xəstə mədəli gələcəyimizə heyfim gəlir. Barı arada, bu barədə, sağikən fikirləşək!