Venesuela prezidenti Nikolas Maduro müxalifətin erkən prezident seçkilərinin dərhal keçirilməsi tələbini rədd edib.
“Qafqazinfo” xəbər verir ki, Maduro “RT” telekanalına müsahibəsində problemin müxalifətdə olduğunu, məsələlərin seçki yolu ilə həll olunmayacağını bildirib: “Son 20 ildə 25 seçki keçirmişik. Ötən yarım il ərzində 6 seçki kampaniyası baş tutub. 2018-ci ildə prezident seçkiləri müxalifətin təklifi ilə gözləniləndən daha əvvəl keçirilib”.
Maduro 2020-ci ildə ölkədə prezident yox, parlament seçkilərinin keçiriləcəyini sözlərinə əlavə edib.
Prezident ABŞ-ın Venesuelada mümkün hərbi işğalının onlar üçün böyük insan itkisi ilə nəticələnəcəyini, müharibədən yalnız beynəlxalq ictimaiyyətin köməyilə qaçmağın mümkün olduğunu vurğulayıb.
Ölkə başçısı müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyan ölkələrin isə səhv addım atdığını deyib.
Qeyd edək ki, fevralın 4-də 19 Avropa ölkəsi parlamentin spikeri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıdıqlarına dair bəyannamə qəbul ediblər. Bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveçrə və Xorvatiya imzalayıb.
Son xəbərlər
Son Xəbərlər