Mahal İsmayıloğlu prezidentə müraciət etdi

mahal-ismayiloglu-prezidente-muraciet-etdi
Oxunma sayı: 2305


“Qafqazinfo”ya açıqlamasında ölkənin səhiyyə sisteminin qurbanı olduğunu deyən jurnalist ona qarşı laqeyd münasibətdən gileylənib: “2004-2010-cu illərdə iki dəfə ürəyimdən əməliyyat olunmuşam. Bu il isə böyrəyimin birini çıxardılar. İş qabiliyyətimi tamamilə itirmişəm, dava-dərmanla yaşayıram. Mənə “Neftçilər” xəstəxanasında bu ilin martında böyrək xərçəngi diaqnozunu qoymuşdular. Əməliyyata risk etmədiklərini dedilər və ağır dərmanlar yazdılar. Dərmanların təsirindən səhhətim daha da ağırlaşdı. Türkiyəyə gedəndə oradakı həkimlər şoka düşdülər. Məndə xərçəngin heç bir əlaməti olmadığını bildirdilər. 

Böyrək əməliyyatı üçün yenidən ölkəyə qayıtdım və yaxınlarımın köməkliyi ilə 4400 manat vəsait topladım. O vaxtlarda Mətbuat Şurasının sədri Əflatun Amaşova, digər aidiyyatı qurumlara da müraciət etdim, söz versələr də üstündən 2-3 ay keçib və yardım edən yoxdur. Məni arxayın etdilər, amma yardım etmədilər. 

Artıq 40 il olur ki, mən mətbuatda çalışıram. “Aydınlıq” qəzetində işlədiyim dövrlərdə xidmətlərimə görə mərhum prezident Heydər Əliyev 1995-ci ilin sentyabrın 8-də çıxışında mənə minnətdarlıq etmişdi və demişdi ki, həyatımın ən ağır dövrlərində Mahal İsmayıloğlu mənə dəstək olub. Nə üçün indi hansısa aktyor, diktor dövlətdən yardım ala bilir, qəbirstanlıqdan yazan şairə, 5 yaşlı uşağa yardım edilir, mənə yox. 

Səhhətim get-gedə pisləşir. O biri böyrəyimə zond salınmalıdır, həkimlər isə artıq gecikdiyimi deyirlər. Belə getsə böyrək köçürülməli olacaq. Axı ölkənin səhiyyə sisteminin bərbad olması mənim günahım deyil. Cənab prezident hər kəsdən daha yaxşı bələddir mənim xidmətlərimə. Azərbaycan dövləti qarşısında xidmətlərimi nəzərə alıb mənə yardım edilməsini xahiş edirəm”.