“Makarov”u iki min manata satmaq istəyərkən tutuldu - Foto

makarovu-iki-min-manata-satmaq-isteyerken-tutuldu
Oxunma sayı: 2316

Bakıda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, şöbəyə paytaxt sakini Elxan Soltanovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 2 000 manata satmaq istəyən zaman tutulub.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Elxan Soltanov “Makarov” markalı odlu silahı bir neçə il bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.