Makronun Brüssel formatını dağıtmaq cəhdi və İlham Əliyevin - Avropa İttifaqına verdiyi mühüm mesajlar

makronun-brussel-formatini-dagitmaq-cehdi-ve-ilham-eliyevin
Oxunma sayı: 2969

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə danışıb.

"Qafqazinfo" "Trend"ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Fransanın ermənipərəst siyasətindən danışarkən Parisin Bakıya qarşı qəbul etdiyi qətnamələrə toxunub.

Fransa Milli Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnamələrdən daha çox Frankofoniya Təşkilatının Bakıya qarşı aqressiv mövqe sərgiləməsi diqqət çəkir. Çünki Fransa hakimiyyəti ermənipərəst olduğu üçün ölkənin təsisatları da prezident Emmanuel Makronun diktəsi ilə Azərbaycana qarşı qərarlar qəbul edirlər. Frankofoniya Təşkilatına daxil olan dövlətlərin əksəriyyətinin isə nəinki Ermənistanla mədəni və siyasi bağları, ümumilikdə, Cənubi Qafqazla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Bəs, Frankofoniya Təşkilatının məqsədi və hədəfləri nədir?

Frankofoniya termini 1887-ci ildən istifadə edilməsinə baxmayaraq, Beynəlxalq Frankafoniya Təşkilatı 1970-ci ildə Mədəniyyət və Texniki Əməkdaşlıq Agentliyi adı altında yaradılıb. BFT fransız dili ana dili hesab olunan, əhalisinin əksəriyyətinin fransız dilində danışan (keçmiş fransız müstəmləkələri) və fransız mədəniyyətinə böyük bağlılığı olan ölkələri özündə birləşdirən təşkilatdır.

20 il öncə Avropa İttifaqı qurumlarının sənədlərinin 34% fransız dilində dərc olunurdusa, hazırda bu rəqəm xeyli azalıb (Avropa Komissiyasının sənədlərinin 3.7%, Avropa Parlamentinin isə 12%). Fransız dili əsasən Afrika-Hind Okeanı və Yaxın Şərq regionu ölkələrinin təhsil dilidir. Fransız məktəblərində təhsil alan tələbələrin 80%-i Afrika qitəsində cəmləşib. BFT-nin ümumilikdə 84 üzvü var. Onlardan 54 dövlət tamhüquqlu üzv (o cümlədən Ermənistan, Vanuatu, Qvineya-Bisau, Kabo Verde, Saint Lucia və s), 4 assosiativ üzv (Kipr, Qana, Qətər, Yeni Kaledoniya), 26-sı isə müşahidəçi statusuna malikdir. Bu dövlətlərin bütövlükdə 1.2 milyard əhalisi var. Təşkilatın şüarı “bərabərlik, tamamlama, həmrəylik”-dir.

Bundan başqa, təşkilatın mandatına 4 bənd, o cümlədən, “sülh, demokratiya, insan hüquqlarının təşviq edilməsi” daxildir.

Göründüyü kimi, Frankofoniya Təşkilatının Ermənistanla heç bir tarixi, siyasi və mədəni bağı yoxdur. Amma buna baxmayaraq, BFT-nin 19-20 noyabr tarixlərində Tunisin Cerba şəhərində keçirilən XVIII sammiti Fransa və Ermənistanın Azərbaycana qarşı növbəti dəfə təxribat ilə yadda qaldı. Fransa müstəqil ölkələrə siyasi təzyiq göstərərək, hətta şantaj edərək onların suverenliyini pozub, üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsi Zirvə görüşünə təqdim edilib.

Bu məqam bir daha göstərir ki, Fransanın nəzarəti altına olan təşkilat müstəqil qərar verə bilmir. Bir sözlə, təşkilatın fransız dili və mədəniyyəti ilə bağlı hədəfləri yaddan çıxıb. Çünki Fransa və Ermənistan BFT-ni Azərbaycana qarşı platformaya çevirib. Əgər belə olmasaydı, böyük və kiçik bacı Cənubi Qafqaz regionunda sülhün olmaması üçün hər cürə təxribata əl atmazdı.

Aydındır ki, fransız dili və mədəniyyəti ilə əlaqəsi olmayan, Frankofoniya Təşkilatının büdcəsinə bir qəpik belə xeyiri dəyməyən Ermənistanın BFT tərəfindən belə canla-başla müdafiə olunmasının arxasındakı “qüvvə” Makrondur.

Prezident İlham Əliyev isə konfransda çıxışı zamanı Fransa hakimiyyətinin Frankofoniya Təşkilatı vasitəsi ilə Azərbaycana təzyiq etmək cəhdlərindən danışarkən bunları deyib.

Sitat: “Qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil”.

Göründüyü kimi, Fransa hakimiyyətinin təzyiqi ilə imza atılan kağız parçasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan lideri Parisin Bakıya qarşı həyata keçirdiyi digər pozucu əməllərdən də danışıb. Ölkə başçısının sözlərindən belə anlaşılır ki, rəsmi Paris İrəvan və Bakı arasında davam edən sülh prosesinin pozulması üçün sistemli iş aparır. Çünki Prezident Fransa lideri Emmanuel Makronun dekabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan görüşdə iştirak edəcəyi təqdirdə Brüssel danışıqlarının baş tutmayacağını deyib.

Sitat: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Prezident vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.

Ölkə başçısı Makronun iştirak etdiyi görüşə niyə getmək istməməsinin səbəbini də açıqlayıb.

Sitat: “Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır”.

Fransanın sülh prosesini pozmağa cəhd göstərdiyini açıq şəkildə dilə gətirən Prezident Brüssel formatının ləğv oluna, başqa alternativlərin nəzərdən keçirilə biləcəyinə işarə edib.

Sitat: “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş tutacaq?”.

Prezidentin Fransanın Brüssel formatını pozan davranışlarına toxunması, ilk növbədə, Avropa İttifaqını narahat etməlidir. Çünki rəsmi Bakı dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Hazırda isə rəsmi Paris Şarl Mişelin rəhbərliyi ilə aparılan danışıqları pozmağa cəhd göstərir. Bu cəhd Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir. Ona görə də, ilk növbədə, Şarl Mişel Avropa İttifaqının üzvü olan Fransanı Birliyin maraqlarına, həmçinin, Bakı-İrəvan danışıqlarına zərbə vuran addımlardan çəkindirməlidir.

Azərbaycan Prezidentinin Fransanın Brüssel formatına zərbə vuran davranışları ilə bağlı verdiyi açıqlamalar fonunda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri və ölkə başçısı ilə görüşü xüsusilə diqqət çəkir.

Görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Ehtimal etmək olar ki, görüşün əsas mövzularından biri Brüssel formatının ləğvinə yönələn cəhdlərin neyrallaşdırılması ilə bağlı olub. Amma Azərbaycan Prezidentinin ümumi siyasi xətti göstərir ki, rəsmi Bakı Brüssel formatı dağılsa belə, Fransanın müdaxilə etdiyi, tərəf tutduğu danışıqlar prosesində iştirak etməyəcək, yeni formatın formalaşdırılması üçün işə başlayacaq. Nə Fransanın nəzarəti altında olan qurumların qəbul etdiyi qətnamələr, nə də ki, Parisin Brüssel formatını dağıtmaq üçün göstərdiyi cəhdlər Azərbaycanın sülh üçün səylərinin qarşısını ala bilməyəcək.