Bu gün Milli Məclisin (MM) son-növbədənkənar iclası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, son iclasın gündəliyinə 39 məsələ salınsa da, məsələlərin sayı 40-a çatdırılıb. Bu barədə spiker Oqtay Əsədov parlamentdə çıxışında qeyd edib. O, həmçinin bildirib ki, iclasda büdcə dəyişiklikləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq. İclasda büdcənin müzakirəsində Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edir.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə dəyişikliklərlə bağlı məlumat verib.
***
Büdcəyə dəyişikliklər zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Onun sözlərinə görə, bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur. O, deyib ki,Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır: “Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur”. S. Şərifovun çıxışından sonra müzakirələrə 15 millət vəkili yazılsa da, spiker Oqtay Əsədov buna ehtiyac olmadığını bildirib. “Axı, nəyi müzakirə edəcəyik?! Nə lazımdırsa, o da büdcəyə edilib. Görürəm ki, Qüdrət Həsənquliyev çıxışa təkid edir. Mən də ondan xahiş edirəm ki, təkid etməsin”-deyə, sözlərinə əlavə edib və büdcə dəyişikliklərini səsə qoyub. Millət vəkilləri də büdcə dəyişikliklərinə səs veriblər.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər