Maliyyə Nazirliyi saxtakarları cərimələdi

maliyye-nazirliyi-saxtakarlari-cerimeledi-
Oxunma sayı: 648

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2012-ci ilin mart ayında Şəki şəhərində fəaliyyət göstərən iki obyektdə və Şəmkir şəhərində fəaliyyət göstərən bir obyektdə həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 2250 ədəd zərgərlik məmulatları aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Məmmədov Kamil İbrahim oğluna məxsus “Nərmin” zərgərlik mağazasında dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib.

Belə ki, adı çəkilən sahibkara məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 389 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin, alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 50 %-dən çoxunun əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

2012-ci ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 164 710 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 21 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə edir.

Nigar Məmmədli