“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər