Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycanda həyata keçirilən proqramı və əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyətinin rəhbəri S.Müller təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.
Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. Qeyd edib ki, bu tədbirlər ölkə Prezidentinin qəbul etdiyi inkişaf strategiyasına uyğun xüsusi proqramlar şəklində həyata keçirilir. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.
Söhbət zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər