““Mango”da paltarı geri qaytarmaq istəyəndə etiketini qopardılar”

mangoda-paltari-geri-qaytarmaq-isteyende-etiketini-qopardilar
Oxunma sayı: 5422

Bakı sakini, adının açıqlanmağını istəməyən G. Y “Mango” geyim mağazasından şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya danışan xanım müştəri bildirib ki, dekabrın 18-də “28 Mall” da yerləşən sözügedən mağazadan qiyməti ümumilikdə 221 manat olan iki paltar alıb: “Ayın 26-da isə mağazaya paltarı qaytarmaq üçün yaxınlaşdım. Menecer mənə dedi ki, paltarlar geyinilib və qoxu gəldiyindən onu geri qaytara bilməzlər. Mən isə bildirdim ki, paltarı evdə ailə üzvlərimə göstərmək üçün geyinmişəm, bu zaman ona bədən qoxusunun hopması normal haldır. Bundan əlavə, paltarın birinin etiketini də qopartdılar. Mən sadəcə bir donu geri qaytarılmasını istəyirəm. 14 gün ərzində müştərinin aldığı mal və məhsul qəbz təqdim edilməklə qaytarılmalıdır".

Adıçəkilən şikayətlə bağlı mağaza ilə əlaqə saxladıq. Mağazadan “Qafqazinfo”ya bildirilib ki, müştərinin şikayətindən xəbərdardırlar: "Müştəriyə də bildirdik ki, paltar geyinilib və onda dəhşətli dərəcədə qoxu iyi qalıb. Səhəri gün paltarı yuyub gətirib və ondan yuyucu tozun iyi gəldi. İlk dəfə gələndə paltarların ikisinin də geyinildiyini xanım boynuna aldı. Daha sonra anası yaxınlaşdı. Növbəti gün başqa şəxs yaxınlaşıb dedi ki, bu paltarı ona hədiyyə alıblar. Geri qaytarmaq istəyir. Bu gün başqa xanım yaxınlaşıb qaytarmaq istəyib. Bu iki paltarla bağlı dörd dəfə bizə fərqli şəxslər tərəfindən yalan danışılıb. Biz paltarın etiketini qırmamışıq. Mağazada kamera da var. Müştəriyə sadəcə dedik ki, mağazanın hüquqşünasına yaxınlaşsın. Əgər paltar iddia etdiyi kimi, geyinilməyibsə, onu qaytaraq. Geyinilmiş vəziyyətdə heç bir mağaza paltarı qaytarmır”.

Günel Türksoy