Marketdə məhsulları əzib videoya çəkən cütlük saxlanıldı

marketde-mehsullari-ezib-videoya-ceken-cutluk-saxlanildi
Oxunma sayı: 45717

Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər. 

Rüstəm Orucov izahatında deyib ki, etdikləri zarafat xarakterli olub: “Dəyən zərəri ödəmişik, Azərbaycan xalqından və market rəhbərliyindən üzr istəyirik. Bir daha belə səhvlərə yol verməyəcəyik. Qanun qarşısında məsuliyyət daşımağa hazırıq”.

Xəyalə Vəliyeva da eyni məzmunlu izahat verib.