Marketdə vitrin və kassa qiymətlərinin fərqli olması haqda - Açıqlama

marketde-vitrin-ve-kassa-qiymetlerinin-ferqli-olmasi-haqda
Oxunma sayı: 3725

Bakıda Özbəkistan küçəsində yerləşən marketlərdən birində vitrində və kassada məhsul qiymətlərinin fərqli olması ilə bağlı iddia yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə Şaiq Fərəcov adlı müştəri yazıb.

Dəfələrlə oxşar vəziyyətlə qarşılaşdığını deyən şikayətçinin sözlərinə görə, kassada məhsulun üzərində olan qiymətdən artıq vurulur. Aldığı məhsulların kassa qəbzi ilə birlikdə fotoşəklini paylaşan müştəri qeyd edib ki, məhsullar arasında qiymət fərqi hətta bir manatdan da artıqdır. Məsələn, vitrində kiloqramı 2.60 manat olan üzüm kassada 3.50 manatdan hesablanıb. Həmçinin 1.69 manata satılan ayranın qiyməti kassada 20 qəpik artıq - 1.89 manat göstərilib.

Məlum olub ki, söhbət “Etalon” marketdən gedir. Market “Araz” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq etdiyi üçün məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva “Qafqazinfo”ya bildirib ki, müştərinin şikayəti əsasında araşdırma aparılıb: 

“Sözügedən obyekt “Araz” supermarketlər şəbəkəsi ilə françayzinq modeli çərçivəsində əməkdaşlıq edir. Həmin mağazaya tərəfimizdən məhsul təminatı olunur. Digər məqamlar marketin daxili qaydaları ilə tənzimlənir. Sözügedən şikayətə gəldikdə isə, mağaza ilə əlaqə saxlanılıb, ciddi şəkildə irad bildirilib və təkrar belə halların yaşanmaması üçün lazımi tədbirlərin görülməsi tapşırılıb. Bununla yanaşı, müştəri ilə əlaqə saxlanılaraq üzrxahlıq edilib. Xatırladım ki, əksər mağazalarda qiymətlər manual sistemlə dəyişdirildiyindən, bəzi hallarda rəfdə qiymət dəyişimi gecikə bilir. Bunun nəticəsində, təəssüf ki, bəzən vitrinlə kassa arasında qiymət fərqi müşahidə oluna bilir. Müştərilər belə halla qarşılaşdıqda məhsulu ən aşağı olan qiymətlə əldə edə bilərlər”.

Gülnar Əliyeva