Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.
“Qafqazinfo” xəbər verir ki, Ağdam rayonunda keçirilən layihənin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən bəhs edib.
“Azərbaycan ordusu günü gündən güclənir. Son zamanlar müasir texnikalarla silahlanan ordumuz, bilik və bacarığını artıran komandir heyəti onu sübut edir ki, güclü ordumuz var. Elə bu yaxınlarda Şərurun Günnüt kəndi də düşməndən azad olundu. Ermənilər artıq bizim gücümüzü daha yaxşı hiss edirlər. Onlar Azərbaycan ordusundan qorxurlar”,- deyə sədr vurğulayıb.
Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.
Layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında 100-dən artıq gənc iştirak hüququ qazanıb. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlarda, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcəklər.
“Marş İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.


Son xəbərlər
Son Xəbərlər