Masazırda 1 həftədir su yoxdur - “Azərsu”dan açıqlama

masazirda-1-heftedir-su-yoxdur
Oxunma sayı: 3435

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri su üzünə həsrət qalıb.

Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən Nizami, Həzi Aslanov, Rafiq Dünyamalıyev küçələrinin sakinləri artıq 1 həftədir ki, sularının kəsildiyini bildirib. Onlar dəfələrlə Rayon Sukanal İdarəsinə müraciət etsələr də, bir nəticə olmayıb. Qəsəbə sakini Vüsal Əliyev deyir ki, İdarədən cavab olaraq nasosların təzyiqi az olduğu üçün suyun verilmədiyi bildirilib.

Hazırda sakinlər maşınlarla və qablarla uzaq məsafədən su daşımaq məcburiyyətində qalıblar: “Bilmirik dərdimizi kimə deyək. Əgər nasosların təzyiqi zəifdirsə, o zaman gücləndirsinlər. Dövlətimiz insanların rifahı üçün bu qədər maliyyə ayırır. Biz yayın bu günündə susuz qalmışıq”.

Qafqazinfo” məsələylə bağlı “Azərsu” ASC ilə əlaqə saxlamağa çalışsa da, zənglərimizə cavab verən olmayıb.

***

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin ərazidə iş gedir, borunun qəzalı hissəsi dəyişdirilir:

“Eyni zamanda, adıçəkilən 3 küçə üçün 75 mm diametrində yeni xətt çəkilir. Məsələ bu gün günün sonuna qədər həll olunacaq”.