Masazırda yol problemi - Sakinlər şikayətçidir

masazirda-yol-problemi
Oxunma sayı: 2132

Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri “Qafqazinfo”ya müraciət edib.

Sakinlər bildiriblər ki, qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrinin kəsişməsi yararsız vəziyyətdədir: “Qeyd olunan ərazidə 2 nömrəli məktəb yerləşir. Məktəb yolu olduğu üçün əvvəllər buranın asfalt yolu var idi. Lakin həmin ərazidə tikinti işləri başlayan zaman ağır tonajlı yük maşınları yol örtüyünü yararsız hala salıb. Ərazidə yaşayan sakinlər bununla əlaqədar olaraq etiraz aksiyası keçirib və yolu bağlayıblar. 2 il bundan qabaq söz verilmişdi ki, əraziyə asfalt örtüyü yenidən çəkiləcək. Lakin bu sözlər elə söz olaraq qalıb. Sakinlər dəfələrlə Masazır Bələdiyyəsinə müraciət edərək problemin həll olunmasını istəyib. Ancaq hər dəfə verilən cavab eynidir: “Büdcədə vəsait yoxdur, həmin əraziyə pul ayrılmır”. Artıq avtobus dayanacağı zibilliyə çevrilib, məişət tullantıları gec-gec yığılır”.

Qarşıdan payız və qış fəsillərinin gəldiyini vurğulayan sakinlər həmin mövsümlərdə gediş-gəlişin mümkünsüz olduğunu bildirib: “Payız, qış fəsillərində yağıntılar olacaq. Bu da o deməkdir ki, bizim üçün hərəkət tam məhdudlaşır. Bu küçələrdə işıqlandırma sistemi belə yoxdur. Sakinlər öz hesabına küçələri işıqlandırmağa çalışır. Problem bir deyil, iki deyil. Biz aidiyyayatı orqanlardan məsələnin həll edilməsini tələb edirik”.

Günel Hacı