Maşınımızı girov qoyduq...

masinimizi-girov-qoyduq
Oxunma sayı: 2156


İsti yay günlərində oxuma və yazma tempim minimuma enir. Maddi imkansızlıq ucbatından Bakıdan kənara çıxa bilməməyim əsəblərimə ciddi şəkildə təsir göstərir. Yay mövsümündə qayğılar, problemlər daha da quduzlaşır, adamın əsəblərini gəmirir. İki ildir həkimin yazdığı müalicə resepti stolumun siyirtməsində qalır. Hər dəfə zəng edib səhhətimi soruşanda bilmirəm nə deyim. Müalicə və uzunmüddətli istirahət... Heç cür alınmır. Keçən il dostlar Yesentukiyə gedəndə yekəxanalıqla dedim ki, birlikdə gedərik. Halbuki, heç cür gedə bilməyəcəyimi bilirdim. Bu il də eyni vəziyyət.

Dostoyevskinin “Karamazov qardaşları” əsərini ikinci dəfə oxuyuram. Balaca, havasız otaqda oturub Dostoyevskinin 850 səhifəlik romanını oxumaq əsl məşəqqətdir. Deyə bilərsiniz ki, kimsə səni məcbur etmir, oxuma. Amma məsələ burasındadır ki, mənim bundan başqa heç nəyə imkanım çatmır. Türmədə kitabı niyə oxuyurlar? Vaxtın keçməsi üçün. Mən də eynən həmin vəziyyətdəyəm. Yayın tez bitməsi üçün vaxtımı kitablarla keçirirəm. Kənddə qalanda yay mövsümündə heç vaxt kitablara yaxın düşmürdüm, günümüz dostlarla dəniz kənarında keçirdi, səhəri dirigözlü açırdıq. Hər səhər Günəşin üfüqdən boylanmasını görürdüm. İndi o mənzərə üçün burnumun ucu göynəyir. O qədər möhtəşəm bir görüntüdür ki, sözlə ifadə etmək çətindir.

Keçən həftə uşaqları Zağulba çimərliyinə aparmışdım. İlk dəfəydi ki, çimə bilmədim. Canım ağrıyırdı. Gənclikdə hətta sentyabr, oktyabr aylarında da suya girə bilirdim. Canım buz baltası kimi idi. Gecə saat 2-də, 3-də maşının işıqlarını dənizə tuşlayıb suya girməyimiz, kapotun üstündə süfrə açmağımız, maşının arxa oturacağını çıxarıb üstündə uzandığımız ləzzətli, kefli-damaqlı yay gecələrini xatırladım. Bir dəfə sərxoş vəziyyətdə dalğalı dənizə girmişdim, az qala batacaqdım, dalğa hiss olunmadan məni xeyli uzağa aparıb çıxarmışdı. Qayıda bilmirdim, əl-qol atdığımı görən Ramiz özünü yetirib məni xilas elədi. Ramiz indi klarnet ifaçısıdır, arada toylarda rastlaşırıq. Hər dəfə də məni görəndə gülə-gülə “Həyatını mənə borclusan” deyir.

Vaqif adlı bir dostumuz vardı, qırmızı “Jiquli”si vardı. Kəndin içində “taksovatlıq” edirdi. Bir axşam dedi ki, gedək dəniz qırağına, yaxşıca yeyib-içək. Heç birimizdə pul olmadığını dedik. Lovğalıqla qayıtdı ki, ay kişi, pul mənlikdir, oturun maşına, gedək. Yığışıb getdik. Dənizkənarı kafelərdən birində oturduq, süfrəyə rus arağı, antrikot, quzu kababı gəldi. Bir vaxt ayıldıq ki, Vaqif gözə dəymir. Maşını yerindəydi, gördük ki, pallı-paltarlı ləpədöyəndə uzanıb, dalğa bədənini döyəcləsə də qımıldanmır. Sürüyüb qumluğa uzatdıq, Ruhan adında bir oğlan var idi, az sonra qaraciyər serrozundan dünyasını dəyişdi,boyu yalan olmasın, iki metrəcən olardı. Vurduğu adam ayağa durmazdı. Vaqifin çiyinlərindən tutub silkələməyə başladı. “Alə, tvar, bizi yığıb gətirmisən bura, indi özüvü tülkülüyə vurursan? Qalx, get şotu ver”.

Vaqif ayılana oxşamırdı, ciblərini çevirdik, tərtəmiz idi. Pul nə gəzirdi? Hesabı istədik, dedilər 50 “şirvan”!!! Qırğın-mərəkə düşdü. Kafe sahibi maşının açarlarını götürdü. Dedi pulu gətirin, maşını aparın. Suyumuz süzülə-süzülə kəndə qayıtdıq...

Uşaqları çimməyə yollayıb xəyala dalmışdım. O qədər belə hoqqalardan çıxmışdıq ki. Qızlara yaxşıca pullar da xərcləmişdik, diskotekadan oğurlayıb dəniz kənarına gətirdiyimiz qızlardan birinə nərd oynamağı öyrətmişdim, qız metis idi. Anası rus, atası azərbaycanlı idi. Nərdi tez öyrəndi və iş o yerə çatdı ki, məni də, kafe sahibini də udurdu. Bir dəfə kafe sahibi növbəti məğlubiyyətdən sonra nərdi zərblə necə çırpdısa, qızın burnuna dəydi, burnundan qan açıldı. O əhvalatdan sonra həmin qız bir daha dəniz kənarına gəlmədi və mənimlə də əlaqəni kəsdi...

Darıxdım, bunları yazdım. Sonuncu dəfə dənizə gedəndə daha gənc olmadığımı bir daha dərk etdim. Orta yaş böhranı çox dəhşətli olur. Əlini gəncliyin ətəyindən buraxmaq istəmirsən. O isə çoxdan əlindən çıxıb...