ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycana həsr olunmuş “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycanlıları İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə türk diasporunun da nümayəndələri iştirak ediblər.
Komitə sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Florida ştatında geniş məlumatlandırma kampaniyası apardıqlarına görə icma üzvlərinə minnətdarlığını bildirib.
Sonra xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha güclü və mütəşəkkil şəkildə Florida ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında ətrafllı məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb.
Rəsmi hissədən sonra tarixi vətənini dünyada təmsil edən, ABŞ-da yaşayan azərbaycanlı musiqiçi Xan Bəyli (Şirvan Ağabəyli) Azərbaycana həsr olunmuş “Vətənin nəğmələri adlı” solo konsertlə çıxış edib. Konsertdə “Səslə məni”, “Sevirəm, “Azəri torpağı”, Azərbaycan maralı”, “Gəl yanıma”, “Reyhan”, “Yalan” və digər Azərbaycan xalq və bəstəkar mahnıları səslənib.
Qeyd edək ki, Azərbaycanəsilli Xan Bəyli Ukraynada doğulub. Onun ailəsi 80-ci illərin sonunda Azərbaycandan Ukraynaya köçüb. İlk musiqi təhsilini Ukraynada alıb, sonradan Azərbaycanda və Bostonda təhsilini davam etdirib. Öncə Nyu-Yorkda, indi isə Florida ştatında fəaliyyət göstərir. Onun repertuarında əsas yeri Azərbaycan mahnıları tutur.




Son xəbərlər
Son Xəbərlər