Məcburi köçkünlər 20 gündür susuzdur - “Qaçqınkom” müzakirə aparır

mecburi-kockunler-20-gundur-susuzdur
Oxunma sayı: 1078

Xəzər rayonunda yaşayan məcburi köçkünlər təxminən 20 gündür susuzdurlar.

Bu barədə “Qafqazinfo”ya 1992-ci ildə Şuşadan qaçqın düşən və hazırda Şüvəlan qəsəbəsində yerləşən Maşınqayırma pansionatında yaşayan Mətanət Əliyeva müraciət edərək məlumat verib. O bildirib ki, həmin binada təxminən 150-yə yaxın qaçqın ailə yaşayır: “On gündür bizə su verilmir. Əvvəl həm texniki su verilirdi, həm də su maşınları ilə gətirib şirin su verirdilər. Texniki su “turba”larla krantdan gələn çirkli sudu. İndi isə eyni vaxtda həm texniki suyu kəsiblər, həm də maşınlar gəlmir. “Qaçqınkom”la maraqlandıq, deyirlər Gəray müəllim deyib ki, onlar pulu ayırıb, amma vəsait ortada itib. Bir tərəfdən də deyirlər ki, borcumuz var imiş, ayrılan pul ona çıxılıb. Bizim necə borcumuz ola bilər ki, qaçqınların kommunal xərclərini dövlət özü ödəyir. Biz nə olduğunu başa düşmürük. Amma olan budur ki, artıq 20 gündür uşaqlar, qocalar, hamımız susuz qalmışıq. Yuyunmağa, qablarımızı yumağa, heç içməyə də su tapa bilmirik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin binada yaşayan qaçqınların su problem ilə bağlı rəhbərlik məlumatlıdır: “Hazırda oradakı problemlə bağlı müzakirələr aparılır. Yaxın vaxtlarda məsələ həll olunacaq”.

Murad Əhməd