Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 43-cü sessiyasında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Məcnun Məmmədov sessiyada su resurslarından səmərəli istifadə mövzusunda çıxış edib.
Nazir bildirib ki, planetdə torpaq və su resurslarının davamlı təzyiqə qalmasının əsas səbəbi kənd təsərrüfatı fəaliyyətidir. Bütün dünyada olduğu kimi Azərbaycanda da su ehtiyatlarının məhdudluğu, su itkisi, fermerlərin sudan səmərəli istifadə etməməsi aqrar fəaliyyətdə çətinliklər yaradır. Ölkənin su ehtiyatlarının böyük bir hissəsinin Azərbaycandan kənarda formalaşdığını deyən nazir məhdud su ehtiyatlarından daha səmərəli istifadə etməyin vacibliyini önə çəkib.
M.Məmmədov FAO-nun 43-cü sessiyası çərçivəsində qurumun yenidən sədri seçilmiş Qu Donqyu ilə də görüşüb. Nazir ölkəmizin FAO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına öz töhfəsini verdiyini bildirib.
Bundan başqa, nazir İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə görüşüb. Tərəflər Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunub, İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.


Son xəbərlər
Son Xəbərlər