Məcnun Məmmədov Macarıstanın aqrar fəaliyyətləri ilə tanış oldu

mecnun-memmedov-macaristanin-aqrar-fealiyyetleri-ile-tanis-oldu
Oxunma sayı: 3506

Macarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Macarıstanın şimal-qərbində yerləşən Babolna şəhərində “Tetra” şirkətinin atçılıq mərkəzinə baş çəkib.

Səfər iştirakçılarına burada atçılığın inkişafı istiqamətində görülən işlər, mərkəzdə yaradılan şərait, atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi barədə məlumat verilib.

Bildirilib ki, macar at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsində ərəb atlarından istifadə edilir.

Daha sonra səfər iştirakçıları Avropanın ən böyük damazlıq quşçuluq müəssisələrindən biri olan “Tetra Ltd.” kombinatında olub, Macarıstanda quşçuluq sənayesində mövcud vəziyyət, ölkədə quşçuluğun inkişafı istiqamətləri ilə maraqlanıblar.

Azərbaycan nümayəndə heyəti ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanlarını yerli mütəxəssislərlə müzakirə ediblər.

Səfər iştirakçıları həmçinin Avropanın ən qədim kənd təsərrüfatı ali təhsil müəssisəsi olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) maddi-texniki bazası ilə tanış olub, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıblar. Səfər çərçivəsində MATE-nin prorektoru Katalin Posta ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və MATE arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Azərbaycan nümayəndə heyəti macar həmkarları ilə faydalı ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.