Yevlax rayonunun Qaraoğlan kəndində martın 27-də qoşunların təmas xəttinin Qazax rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Hacıyev Qəfərəli İntiqam oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin, Yevlax şəhər icra strukturlarının, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.
Anım mərasimində Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin anasına təqdim edib.
Şəhidin anası Rüxsarə Hacıyeva Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Son xəbərlər
Son Xəbərlər