“Mədə xərçəngini müasir cərrahi üsulla müalicə edirik” - Elgün Səmədov

mede-xercengini-muasir-cerrahi-usulla-mualice-edirik
Oxunma sayı: 3213

“Azərbaycanda mədə xərçənginin rastgəlmə tezliyi onkoloji xəstəliklərin sırasında üçüncü yerdədir”.

"Qafqazinfo" xəbər verir ki, bunu “Leyla Medical Center”in Cərrahiyyə şöbəsinin rəhbəri, ümumi cərrah Elgün Səmədov mədə xərçənginin müasir cərrahi müalicəsi ilə bağlı keçirilən təlimdə çıxışı zamanı deyib.

“Leyla Medical Center”də baş tutan tədbirə ölkənin qabaqcıl cərrah və onkoloqları, Azərbaycan Tibb Universitetinin rezidentləri qatılıblar. Təlimdə onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan yeniliklər, müasir tibbi üsullar haqqında məruzələr edilib. Ümumi cərrahlar - Kənan Yusifzadə, Möhsün Əsgərov, Emin Bayramov, Elgün Səmədov və onkoloq Altay Əliyev çıxış edərək mədə xərçəngi ilə bağlı öz təcrübələrini paylaşıblar.

Mədə xərçəngi mərhələlərinin təyini və müasir müalicə protokollarından bəhs edən dr. Emin Bayramov hər mərhələyə uyğun seçilən  müalicə taktikasından danışıb.

Daha sonra çıxış edən dr. Elgün Səmədov mədə xərçənginin onkoloji xəstəliklərdən ölüm siyahısında ikinci sırada olduğunu bildirib: “Biz xərçəngin rastgəlmə tezliyini aşağı sala bilmərik. Çünki elə bir coğrafiyada yaşayırıq ki, bu xəstəlik hər dövrdə ilk sıralarda yer alacaq. Lakin səhiyyənin inkişafı, müasir tibbi üsullarla ölüm hallarını azalda bilərik. Təəssüflər olsun ki, xəstələr bizə gecikmiş mərhələdə müraciət edirlər. Belə olan halda müalicə də çətinləşir. Halbuki ilkin mərhələdə kiçik manipulyasiya və əməliyyatlarla bu xəstəlikdən xilas olmaq mümkündür. Hətta sonra kimyaterapiyaya da ehtiyac qalmır”.

E.Səmədov mədə xərçənginin müasir cərrahi üsullarından sayılan İCG (“indosianin yaşıl”) adlanan yeni metod haqqında da təcrübəsini bölüşüb, mədə xərçənginə görə icra edilən laporoskopik qastrektomiyalar zamanı limfa düyünlərinin xəritələnməsində İCG-dən istifadənin üstünlüyündən danışıb: “Bu, yeni metoddur və Qafqazda ilk olaraq biz icra etmişik. Bir sıra üstün cəhətləri var. Məsələn, zədələnmiş limfa düyünlərini aşkar etməkdə çox böyük həssaslığa malikdir. Bu yolla edilən əməliyyat xəstələrin sonrakı onkoloji proqnozuna da müsbət təsir göstərir. Digər bir üstünlüyü isə əməliyyat müddətinin qısaldılmasıdır. Yəni daha öncə laporoskopik əməliyyatlarımız 3-4 saat çəkirdisə, indi 2,5-3 saata başa çatır”.

Dr. Elgün Səmədov həmçinin İCG-dən istifadə etməklə həyata keçirdiyi  əməliyyatların videorolikini də nümayiş etdirib.

Mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandıran E.Səmədov  gələcəkdə də bu cür təlimlərin “Leyla Medical Center”də keçiriləcəyini vurğulayıb.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Könül Cəfərli