“Mədəkiçiltmənin onkoloji xəstəliyə səbəb olmasının elmi məlumatı yoxdur” - Cərrah Nihad Nəzərzadə

medekiciltmenin-onkoloji-xesteliye-sebeb-olmasinin-elmi-melumati-yoxdur
Oxunma sayı: 1934

Leyla Medical Center”in ümumi cərrahı, uzman həkim Nihad Nəzərzadə mədəkiçiltmə əməliyyatı və pasiyentlərlə bağlı sualları cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Pasiyentləriniz ən çox hansı problemlərlə əldaqədar cərrahiyyəyə üz tuturlar?

- Biz daha çox onkoloji xəstəliklərin cərrahiyyəsi ilə məşğul olduğumuza görə pasiyentlərimizin əksəriyyəti xərçəng xəstəliyi olanlardır.

- Cərrahiyyə sahəsində ən son hansı texnoloji yeniliklər ortaya çıxıb. Ümumiyyətlə texnologiyanın inkişafı cərrahların işini necə dəyişib?

- Müasir dünyada cərrahiyyədə minimal invaziv yanaşmalar ön plana çıxmaqdadır. Minimal invaziv yanaşma dediyimizdə perktuan girişimlər, laparoskopik cərrahiyyə, robotik cərrahiyyə kimi prosedurlar nəzərdə tutulur. Son zamanlarda özəlliklə süni intellektin tibdə tətbiqinə dair artıq məqalələr dərc olunmaqdadır. Bu texnologiyalar tibb dünyası üçün yeni ümidlər vəd edir.

- Son illər cərrahiyyə ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də laparoskopik müdaxilədir. Hansı hallarda bu müdaxiləyə zərurət yaranır?

- Laparoskpik cərrahiyyə artıq inkişaf etmiş ölkələrdə mübahisə mövzusu deyil. Əgər bir əməliyyat laparoskopik olaraq normal cərrahi standartlarda yerinə yetirilə bilirsə, bunu icra edə bilən texniki komanda və cərrah heyyəti varsa, laparoskopik cərrahiyyə şansını xəstəyə hər zaman vermək lazımdır. Çünki laparoskopiya sonrasında xəstənin reabilitasiya dönəmi açıq cərrahiyyədən daha qısa çəkir. Xəstə qısa müddətdə normal həyat standartlarına dönə bilir.

- Bəziləri deyir ki, cərrahi əməliyyatlara ən son vəziyyətdə baş vurmaq lazımdır. Siz bu fikirlə razılaşırsınızmı?

- Xeyr əlbəttə ki. Cərrahiyyə son seçim olmamalıdır. Xəstəlikdən və onun yayılma dərəcəsindən asılı olaraq cərrahiyyə müalicənin həm başlanğıcında, həm ortasında, həm də axırında icra oluna bilər. Ona görə də uyğun ixtisaslı həkimlərin xəstəylə bağlı konsilium şəklində qərar verməsi daha düzgün yanaşma hesab olunur.

- İndiyədək etdiyiniz ən mürəkkəb və çətin əməliyyat hansı olub?

- Prinsip etibarı ilə hər əməliyyatın özünəməxsus çətinlikləri var. Hər bir əməliyyata bizim cərrahiyyə komandası eyni məsuliyyət və həssaslıqla yanaşır. Çünki ən xırda səhlənkarlıq xəstənin ən yaxşı halda xəstəxanada günlərlə əlavə yatışına səbəb ola bilər. İndiyə qədər etdiyimiz mürəkkəb əməliyyatlar yetəri qədərdir. Bunlar arasında 4-cü mərhələdə olan bəzi xərçəng xəstələrinin (hansı ki konsilium nəticəsinə görə cərrahiyyə qərarı alınıb) geniş radikal sitoreduktiv əməliyyatları və əməliyyatdaxili isti kimyaterapiya (HİPEC) əməliyyatları özəllik təşkil edir. Bu əməliyyatlar təxminən 8-10 saat davam edir.

- Təkrar cərrahi əməliyyatlar nə qədər təhlükəsizdir? Hansı hallarda bu əməliyyatları etmək olar?

- Təkrar cərrahi əməliyyatların icrası texniki cəhətdən daha problemlidir. Çünki əvvəlki əməliyyat sonrasında qarın içərisində çoxlu yapışıqlıqlar əmələ gəlir ki, bu da əməliyyatın gedişinə əngəl törədir. Amma təcrübəli cərrahlar tərəfindən bu əməliyyatlar yetəri qədər peşəkarlıqla icra olunur.

- Gələcəkdə cərrahiyyə sahəsində hansı yeniliklərin olması gözlənilir?

- Gələcək dövrdə gen terapiyası ağıllı dərmanların inkişafi ilə əlaqədar onkoloji xəstəliklərin cərrahi müalicəsinin daha az radikal olacağı, daha minimal invaziv prosedurların tətbiqi düşünülməkdədir. Xüsusilə yuxarıda qeyd etdiyim süni intellektin də bu işə xüsusi fayda verəcəyini düşünürəm.

- Xərçəng xəstəliyinin ən çox hansı növü ilə rastlaşırsınız?

- Günlük praktikamızda xəstələrimiz daha çox yoğun bağırsaq, düz bağırsaq, mədə, eləcə də qadınlar arasında geniş yayılmış süd vəzi xərçəngi diaqnozları ilə müraciət edir.

- Xərçəng xəstələrinə hansı mərhələdə əməliyyat tövsiyə edirsiniz?

- Xərçəng xəstəliyinin növündən, lokalizasiyasından asılı olaraq müalicənin əvvəlində, ortasında və ya sonunda cərrahi müdaxilə oluna bilər.

- Xərçəng şişlərinin aradan qaldırılması üçün müxtəlif üsullardan istifadə edilir. Bəzən kimyəvi üsulla yandırılır, radiasiya ilə şüalandırılır, cərrahi üsulla kəsilir. Bunlardan hansına üstünlük vermək lazımdır və hansı daha effektiv hesab edilir?

- Xərçəng xəstəliyi kimyaterapiya şüa terapiyası və cərrahi üsullarla  müalicə olunur. Bu metodların birinin digərinə üstünlüyündən ziyadə, hamısı bir müalicə prosedurunun tamamlayıcı elementleridir. Yəni, bu sadalananlardan hər hansı biri digərini əvəz edə bilməz. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq bu müalicə metodlarının ardıcıllığı təyin olunur.

- Mədəkiçiltmə əməlliyatının xərçəng yaratdığı barədə iddialar var. Bu nə dərəcədə doğrudur?

- Bunun heç bir elmi əsası yoxdur. İddiadan başqa bir şey deyil. Çünki mədəkiçiltmənin hər hansı bir onkoloji prosesə səbəb olduğu ilə əlaqəli göstərilmiş elmi məlumat yoxdur.