Mədəniyyət Nazirliyi daxilində layihəyönlü idarəçiliyə keçidlə bağlı təqdimat keçirildi

medeniyyet-nazirliyi-daxilinde-layiheyonlu-idareciliye-kecidle-bagli-teqdimat-kecirildi
Oxunma sayı: 1795

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi daxilində layihəyönlü idarəçiliyə keçid və 2022-ci il üçün nəzərdə tutulmuş layihələrlə bağlı təqdimat gerçəkləşib.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təqdimatdan öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, bu gündən etibarən Mədəniyyət Nazirliyi layihəyönlü fəaliyyətə başlayır: “Layihəyönlü fəaliyyətin məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir”.

Layihə idarəçiliyinin üstünlükləri barədə məlumat verən Elnur Əliyev bildirib ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlüyü ondan ibarətdir ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir”.

Nazirin birinci müavini bu gün təqdim edilən proses və prosedurların hələlik nazirlik daxili layihələrə aid olduğunu söyləyib. O, həmçinin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı da layihəyönlü etmək istədiklərini diqqətə çatdırıb.

Elnur Əliyev deyib ki, korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var: “Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki bizim cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub”.

Daha sonra Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı keçirilib.