Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi - Fotolar

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
Oxunma sayı: 1591

Yanvarın 12-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına həsr olunan toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyov iştirakçıları salamlayaraq görüşün həmçinin hesabat xarakteri daşıdığını diqqətə çatdırdı və şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verib.

Bildirilib ki, 2022-ci ildən İctimai Şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərəcək. Aktyor və rejissor, Xalq artisti Vidadi Həsənovun rəhbərlik edəcəyi işçi qrupu ölkəmizdəki özəl teatrların fəaliyyəti və inkişafına dəstək məqsədilə yaradılıb. Mart ayında işçi qrupu özəl teatrların festivalını təşkil edəcək.

Digər işçi qrupa aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Bu dərslər orta məktəbdə müxtəlif sənət sahələri üzrə qabiliyyət imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Layihənin məqsədi regionlarda olan istedadlı uşaqları aşkar etməkdir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik edəcəyi üçüncü işçi qrupunun fəaliyyəti mədəni irsimizlə bağlıdır.

Beynəlxalq əlaqələr üzrə nəzərdə tutulan 4-cü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu qrup mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əməkdaşlığı əhatə edəcək.

Sədrin çıxışından sonra işçi qrupların rəhbərləri iş planlarını təqdim ediblər. Daha sonra toplantı müzakirələrlə davam edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura ötən ilin iyulunda seçilmiş 9 üzvdən ibarətdir.