MEDİA gənc jurnalistlər üçün seminarlara başladı - Foto

media-genc-jurnalistler-ucun-seminarlara-basladi
Oxunma sayı: 830

Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, keçirilən seminarda ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin Proqram administratoru Sona Əliyeva, ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva və Media İnkişafı Agentliyinin “MEDİA Könüllüləri” iştirak edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz çıxışında bildirib ki, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsidir: “Media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır”. 

Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib. Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva “Müasir media mühitinə baxış”, “Jurnalist missiyası” mövzularında çıxış edib.

3 həftə davam edəcək seminarlar dekabrın 17-də başa çatacaq.

Lamiyə Məmmədova

Foto: Müzəffər İsmayılov