“Media savadlılığı” konfransı keçirildi - Fotolar

media-savadliligi-konfransi-kecirildi
Oxunma sayı: 1010

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Media savadlılığı” konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar  funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.

Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə “Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib. Sessiyada elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və digərləri çıxış ediblər. Çıxışçılar gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.