“Son günlər cəbhə bölgələrindən gələn həyacan və təlaş dolu xəbərlərin fonunda, şəhid düşən əsgərlərimizin ruhu qarşısında baş əyərək bəyan edirəm ki, baş verənlərin baiskarları sırasında Azərbaycanın bütövlüyünün pozulmasına göz yuman və Qarabağ probleminin ədalətli həllinə laqeyd yanaşan beynəlxalq təşkilatlarla yanaşı, 20 ildən artıq bir müddətdə xarici qrant layihələrini qazanmaq naminə “xalq diplomatiyası” adı altında düşmənlə “dostluq” missiyasını yüklənmiş insanlar da olub və bu insanlar öz fəaliyyətlərində Azərbaycanın milli və dövlət maraqlarını deyil, beynəlxalq aləmdə qrant donorları kimi tanınan şəxslərin və təşkilatların maraqlarının təmsilçiləri rolunda çıxış ediblər. Dünya tarixinin heç bir dönəmində ərazilərin işğalı ilə müşayiət olunan müharibələrin “xalq diplomatiyası” yolu ilə başa çatdığını və bu yolla işğal faktorunun aradan qaldırıldığını görən olmayıb. Əslində bunun belə olduğunu, guya bu yolla sülhün yaxınlaşdığını iddia edənlərin özləri də yaxşı bilirlər. Amma bir daha deməliyəm ki, burada o şəxslərin özlərindən çox qrant donorlarının və onların arxasında dayanan təşkilatların maraq və istəkləri dayanır. Daha doğrusu, beynəlxalq səviyyədə hüquq müdafiəçisi kimi fəaliyyət qura bilmənin pərdəarxası şərtlərindən biri də budur. Və Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən də “xalq diplomatiyası” prosesinə qoşulanların əksəriyyətinin fəaliyyətində bu faktor özünü bariz formada göstərməkdədir.
Son dönəmlərin gündəmini ən çox zəbt edən olaylardan biri də çağdaş “xalq diplomatiyası”nın aparıcı simalarından biri kimi tanınan Rauf Mirqədirovun arxasınca da hüquq müdafiəçisi Leyla Yunusun barəsində bugünlərdə həbs qərarının verilməsi oldu. Ortada da rəsmi qurumların səsləndirdiyi çox ağır iddialar və ittihamlar var. Bütün zamanlarda yazmışam və demişəm ki, “xalq diplomatiyası” adlandırılan nəsnə, Qarabağ məsələsi ətrafında gedən proseslərin içində bizim üçün düşünülərək qurulmuş tələdir və bu “diplomatiya”ya qoşulanlar yanlış yoldadırlar. İstənilən halda, müharibə şəraitində, yanlışlıqdan, bilməyərəkdən, hətta ən xoşməramlı niyyətlərin nəticəsi kimi ortaya çıxmış bəzi əməllər, kimsəni məsuliyyətdən azad etmir, edə də bilməz. Leyla Yunusun timsalında ümumi qənaətlərimi dilə gətirməklə kifayətlənir və heç şübhəsiz ki, əksər hüquq müdafiəçiləri kimi Leyla Yunusun da ilham və inam mənbəyi, eləcə də fəaliyyətinin ana xətti Avropa və Qərbə bağlıdır".
Son xəbərlər
Son Xəbərlər