Məhbus məşhur iş adamının qətlini sifariş edənin adını açıqladı

mehbus-meshur-is-adaminin-qetlini-sifaris-edenin-adini-aciqladi
Oxunma sayı: 2451


Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. “Qafqazinfo” müsavat.com-a istinadən xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən dünənki prosesdə Vüsal Qurbanov çıxış edib. O, cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib. Digər təqsirləndirilən Tofiq Bəkirov ifadəsinin əvvəlində mərhumun ailəsindən üzr istədiyini deyib. O, baş verən hadisəyə görə, vicdan əzabı çəkdiyini bildirib: “Bu cinayəti Hümbət Məmmədov sifariş edib. Məqsəd isə guya onun gənc qız qohumunun namusuna toxunulması ilə bağlı olub. Gənc qızın namusuna toxunulması ilə bağlı bu cinayətdə iştirak etmişəm. Buna görə, maddi maraq güdməmişəm. Bu işə görə mənə 1 qəpik də verilməyib. Günahsız bir şəxsi öldürülüb, digəri yaralanıb. Biz zərərçəkmişdən bağışlanmağımızı istəyirik. Hümayəmdə yaşlı valideynlərim, azyaşlı uşaqlarım var. Bunun nəzərə alınmasını məhkəmədən xahiş edirəm”.

İttihama görə, 2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Proses iyulun 18-də davam edəcək.

Qeyd edək ki, cinayət işinin materiallarında olan sənədlərdə H.Məmmədovun əmisinin azyaşlı nəvəsi ilə cinsi əlaqədə olduğu qeyd olunur. İş materiallarında Hümbət Məmmədovun azyaşlının zorlanması ilə bağlı izahatı var.  Onu da əlavə edək ki, cinayətdə adı hallanan Ramil Hacıyev Rusiyada adam oğurluğu cinayətinə görə həbs edilib.