“Məhəlləmiz sonuncu dəfə 52 il əvvəl asfaltlanıb” - Məsul olan qurum tapılmır

mehellemiz-sonuncu-defe-52-il-evvel-asfaltlanib
Oxunma sayı: 2974

“Məhəlləmiz sonuncu dəfə 1970-ci ildə asfaltlanıb. İndi isə pis haldadır. Dəfələrlə müraciətlər etsək də, baxan yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Novruz küçəsinin sakinləri müraciət edib. Vətəndaşlar küçələrinin asfaltlanmamasından şikayətçidirlər.

Onların sözlərinə görə, qonşu küçələrdə təmir getsə də, onların küçəsinə baxan yoxdur: “Baş yolu təzəlikcə asfaltlayıblar. Maraqlısı da odur ki, yan küçələrin də yolları düzəldilib. Lakin bizim küçənin probleminə baxan yoxdur. Yol pis vəziyyətdədir. Nə maşın sürə bilirik, nə də uşaqlar oynaya bilir. Toz-torpaq əlindən küçəyə girmək istəmirik. İndi dərs yoxdur, canımız bir qədər rahatdır. Elə ki, uşaqlar bu küçədən çıxıb məktəbə gedirdi, üst-başları nə günə qalırdı”.

Sakinlər deyir ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər ediblər: “Küçənin sakinləri olaraq yığılıb bu yola öz hesabımıza şebel alıb tökdük. Hələ bu nisbətən yaxşı vəziyyətidir. Bütün məhəllənin camaatı dəfələrlə yığlıb, imza toplayıb İcra Hakimiyyətinə, bələdiyyəyə müraciətlər etmişik. Elə dəfələrlər bura gəliblər də. Lakin “nəzərə alarıq” deyib gediblər. Bu illər ərzində nə nəzərə alan var, nə də bu problemi həll edən”. 

Şikayətlə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məhəllədaxili yolların səlahiyyətləri əvvəllər onlarda olsa da, artıq digər yollar kimi bu da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib: “Onlar asfaltlanma işlərini aparanda ilk növbədə əsas götürürlər ki, həmin küçənin kanalizasiya sisitemi var, ya yoxdur. Yəni o sistem qurulmadan asfalt çəkilmir. Asfaltlanma ilə bağlı nə sualınız varsa, həmin Agentliyə müraciət edin. İlin əvvəlində problemli yolları olan küçələri qeydiyyata alaraq müraciət edirik ki, bunlar asfaltlanmalıdır. Təbii ki, bunlar da mərhələli şəkildə olur”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə də danışdıq. O da öz növbəsində bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Ümumiyyətlə həmin ərazilər bizim balansda deyil. Biz yalnız investisiya proqramı çərçivəsində nəzərdə tutulan küçələrdə təmir işləri aparırıq. Hansı ərazilər nəzərdə tutulursa, cari ildə təmir işləri aparılır. Növbəti investisiya proqramlarında hara nəzərdə tutulacaqsa, bu istiqamətdə də işlər davam etdiriləcək. Ümümilikdə isə qəsəbədaxili təmirə ehtiyacı olan bütün ərazilərdə təmir işlərinin aparılması nəzərdə tutulur. Yəni bir yer qalıb, təmiri olunmayıb, elə də qalacaq, yox, belə deyil. İnvestisiya proqramları çərçivəsində bütün ərazilərdəki təmirə ehtiyacı olan küçələr növbəli şəkildə icra olunacaq”.

Lamiyə Məmmədova

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusu üzrə dərc olunub.