Ötən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov məhkum olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. Cinayət işi külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə aparılıb.
İyunun 18-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən prosesdən sonra “Media forum” saytına danışan vəkil Elçin Sadıqov deyib ki, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlarının birgə iştirakı ilə hazırlanmış yoxlama aktının etibarsız sayılmasını istəyiblər, amma məhkəmə buna razılaşmayıb: “Qanunvericilikdə yoxlama aktı deyilən anlayış yoxdur. Təəssüf ki, bunun əsasında həmin şəxslər məhkum olunub. Biz 18 iyun qərarından apellyasiya şikayət verəcəyik”.
Vəkil əlavə edib ki, bu gün məhkəmə Anar Məmmədlinin və Bəşir Süleymanlının prosesdə iştirak etməsi barədə vəsatəti təmin etməyib.
Son xəbərlər
Son Xəbərlər