Məhkəmə cəriməni ləğv edib, işçilər borcu tələb edir

mehkeme-cerimeni-legv-edib-isciler-borcu-teleb-edir
Oxunma sayı: 2488

Biləsuvar rayonu Həzi Aslanov küçəsində yaşayan Afət Həsənov “Azəriqaz”a olan əsassız borcunun silinməməsindən narazıdır. 

“Qafqazinfo”ya müraciət edən A. Həsənov bildirib ki, 30 iyul 2020- ci ildə Biləsuvar rayon Məhkəməsi ona yazılan cərimənin əsassızlığı ilə bağlı iddianı təmin edib: “Qətnamədə “Biləsuvar rayon Qaz İstismarı Sahəsi tərəfindən yazılmış müvafiq akt və 72 manat məbləğində cərimə borcunun ləğv edilməsi qeyd olunub.  Ancaq bir ilə yaxındır ki, buna əməl olunmur. Vaxtaşırı olaraq idarənin əməkdaşları cərimə məbləğini məndən tələb edir, cəriməni ödəməyəcəyim təqdirdə isə mənzilin qaz təminatını dayandıracaqlarını bildirirlər. Mən borcun ləğv edilməsinə görə Lənkəranda yerləşən regional idarəyə də müraciət etmişəm. 72 yaşım var. Bu yaşda məni get-gələ salırlar. Əlimdə məhkəmə qərarı olduğu halda işi icra edən yoxdur”.

Məsələylə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq. O saytımıza bildirib ki, məhkəmə qərarlarıyla bağlı icra orqanlarından regional idarəyə məktub daxil olmalıdır: “Lənkəranda yerləşən regional idarəyə bu günə qədər icra sənədi daxil olmayıb. İcra sənədi daxil olandan sonra regional idarə “Azəriqaz” İstehsalat Birliyinin mərkəzi ofisinə müraciət etməlidir. Burada qətnaməyə baxılır və ona uyğun olaraq da hərəkət edilir”.

Günel Türksoy

Surxay Şahbazov