Məhkəmə Osman Kavala ilə bağlı qərar verdi

mehkeme-osman-kavala-ile-bagli-qerar-verdi
Oxunma sayı: 3524

İş adamı Osman Kavalanın həbsdə qalmasına qərar verilib.

“Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, bu barədə birləşdirilən “Gezi” və “Çarşı” işlərinə görə məhkəmənin ikinci iclasında qərar verilib.

“Çarşı işi” ilə “Gezi Parkı” işinin birləşdirilməsindən sonra 52 şübhəlinin iştirak etdiyi işin ikinci iclasında məhbus şübhəli Osman Kavalanın həbsinin davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, Kavala 2017-ci ilin noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən “Gezi parkı” hadisələri, 2016-cı ilin iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı “Gezi parkı” hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur.

Xatırladaq ki, keçən ay bir neçə ölkə Türkiyədə Osman Kavalanın həbsxanada saxlanılmasına öz etirazını bildirib. Daha dəqiq desək, ABŞ da daxil olmaqla, 10 ölkə casusluq və dövlət çevrilişində ittiham olunan Kavalanın azadlığa buraxılmasına çağırış edən bəyanat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanat imzalayan ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin “persona non qrata” elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə təlimat verib.

Həmçinin oxuyun: Dünyanın gündəmində olan Osman Kavala kimdir?