Məhkəmədə həkim və polis ifadələrini təkzib etdilər

mehkemede-hekim-ve-polis-ifadelerini-tekzib-etdiler
Oxunma sayı: 1942

Qayınatasını beşbarmaq ilə döyməkdə təqsirləndirilən, kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə şahidlər dindirilib.

İlk olaraq hadisə yerinə gələnlər - təcili yardımda həkim işləyən Akif Əliyev və polis əməkdaşı Fəqan Ağayev ifadə verib. Hər iki şəxsin istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb.

Belə ki, onlar bu gün məhkəmədə E.Məcidovun əlində beşbarmaq olması, qayınatası Bəhruzu həmin beşbarmaqla vurması barədə məlumatlı olmadıqlarını deyiblər. A.Əliyev "Mən ekspert deyiləm ki, zərərçəkmişə xəsarətin nə ilə yetirildiyini yerindəcə müəyyən edə bilim" deyib.

F.Ağayev də deyib ki, nə Ehram Məcidovun söyüş söydüyünü eşidib, nə də beşbarmaq görüb: “Mən belə bir ifadə verməmişəm. Zərərçəkmiş beşbarmaqla vurulduğunu demişdi, amma mən görməmişəm. Beşbarmağı gizlətdiyini də deməmişəm. Məhkəmədə verdiyim ifadəni təsdiq edirəm".

Məhkəmədə elan edilib ki, şahidlərin ifadələrindəki beşbarmaq məsələsi istintaqa ikinci ifadələrində ortaya çıxıb. Belə ki, Ehram Məcidov istintaqda ifadəsində hadisə zamanı xəsarət aldığını deyib. Bundan sonra şahidlər təkrar dindirilib. İkinci ifadəsində şahidlər beşbarmaq gördüklərini və ya beşbarmaqdan istifadə edilməsini göstəriblər. 

Ehram Məcidov məhkəmədən söz istəyib və deyib ki, işi araşdıran müstəntiq məhkəməyə gətirilsin: "Mən məhkəmədən xahiş edirəm ki, müstəntiq Həsənbəy Kərimov və digər müstəntiq də məhkəməyə gətirilsin. Onların yalan ifadələrinə görə iş bu həddə gəlib. İnsanlardan neçə yalan ifadələr alındığı məhkəmədə sübut edildi. Gəlib burada cavab versinlər". 

Xatırladaq ki, ötən iclasda şahid kimi dindirilən məhkəmə icra məmurlarının istintaq ifadələrində də beşbarmaq gördüklərini yazılmışdı. Onlar bunu təkzib edib, ifadələrin sonundakı imzaların onlara məxsus olmadıqlarını bildiriblər.

Proses martın 18-də davam etdiriləcək.

Murad Əhməd