Məhkumlardan 1 milyon qazanacağını deyirdi... - “Aldadılmışam”

mehkumlardan-1-milyon-qazanacagini-deyirdi
Oxunma sayı: 769

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Vüqar Əsədovun müdafiəsinə vəkil Əbil Həsənov qoşulub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaş Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd verərək ondan 89 min 800 manat alaraq qaytarmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovadan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qaytarmayıblar.

İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib: "Mən özüm aldadılmışam".

Nicat Əliyev özünü qismən təqsirli bildiyini deyib: "Ədalət Əsgərovun epizodu üzrə təqsirliyəm, amma orda da məbləğ şişirdili, orada pul 50 min olub".

Digər təqsirləndirilənlər özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir.

Murad Əhməd