Mehman Hüseynov sabah azadlığa çıxa bilər

mehman-huseynov-sabah-azadliga-cixa-biler
Oxunma sayı: 5399

Sentyabrın 29-da Ali Məhkəmədə video-bloqqer Mehman Hüseynovun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayət üzrə sabah saat 11-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar veriləcək.

M.Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib.

Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti qüvvədə qalıb.

Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

***

Vəkili Elçin Sadıqov AzadlıqRadiosuna açıqlamasında sabahkı prosesdə M.Hüseynovun azadlığa buraxıla biləcəyini qeyd edib.

Murad Əhməd