Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirib.
“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb”, - deyən Mehriban Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırıb.
Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini deyib.


Son xəbərlər
Son Xəbərlər