Mehriban Əliyeva Vatikanda - Fotolar

mehriban-eliyeva-vatikanda
Oxunma sayı: 3271

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.

Yunan mifologiyasında baş tanrı hesab olunan Zevsin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən, mərmərdən hazırlanmış və Roma imperiyası dövrünə aid olan bu heykəli mifik hekayələri və tarixi stilistikanı özündə əks etdirir.

Mehriban Əliyeva daha sonra Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxıb.

Birinci xanım yenidən Müqəddəs Taxt-Taca gəlməyindən məmnunluğunu bildirərək, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışıb:

- Xüsusən də müasir dünyada belə münasibətlər - dinlərarası, sivilizasiyalararası, xalqlararası münasibətlərdə bu cür əməkdaşlıq çox böyük rol oynayır.

Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsinə verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır.

Sonda qeyd etmək istəyirəm, mən fəxr edirəm ki, Azərbaycan dövləti xristian aləminin dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verir.