“Məktəblərdə din tədrisindən söhbət gedə də bilməz”

mekteblerde-din-tedrisinden-sohbet-gede-de-bilmez
Oxunma sayı: 6258

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qurumun sədri Mübariz Qurbanlının məktəblərdə dini bilgilərlə bağlı tədrisə dair fikrinə aydınlıq gətirib.

“Qafqazinfo”nun xəbərinə görə, komitənin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova APA-ya bildirib ki, bugünədək “Məktəblərdə din tədris olunsunmu?”, “Məktəblərdə dini dərsə ehtiyac varmı?”, “Məktəblərdə din dərsləri keçilə bilərmi?” kimi mövzular mediada dəfələrlə müzakirə olunub, ictimaiyyət tərəfindən müxtəlif yanaşmalar irəli sürülüb:

Həmçinin oxuyun: “За квартиру площадью 90 м² от нас требуют компенсацию в размере 1 200 000 манатов”

“Son günlər DQİDK-nın sədri Mübariz Qurbanlının orta məktəblərdə dinlər haqqında biliklərin verilməsi üçün ayrıca fənnin tədrisi ilə bağlı fikirlərini yanlış anlayanların və ya bunu qəsdən fərqli yerlərə yozan “ekspert”lərin rəy və mövqeləri bilərəkdən və ya bilməyərəkdən mediada tirajlanmaqdadır. Elə rəy formalaşdırmağa çalışırlar ki, guya Mübariz Qurbanlı “məktəblərdə şagirdlərə din tədris olunmalıdır” deyə fikir səsləndirib. Halbuki belə bir fikir söylənilməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə həmişə vahid mövqe nümayiş etdirib. Orta məktəblərdə din tədrisindən söz gedə bilməz, dinlər haqqında ümumi bilgilər, məlumatlar verilə bilər”.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda dövlət təhsil müəssisələrində din, şəriət tədris oluna bilməz. Amma dinlər haqqında biliklərin verilməsinə ehtiyac var: “Çünki respublikamızın yerləşdiyi coğrafi ərazi, xüsusilə də Azərbaycanla həmsərhəd ölkələrdə zaman keçdikcə din amilinin güclənməsi, ölkəmizin daimi yad və zərərli dini təsirlərin hədəfində olması dini zəmində ölkəmizə yönəlik təhdidlərin hər zaman olacağını deməyə əsas verir. Əgər bir gəncin, bir yeniyetmənin dinlərlə bağlı bilgisi yoxdursa, bu bilikləri biz yox, “başqası” verirsə, radikal, qeyri-ənənəvi və ya zərərli dini cərəyan olsun, bunlardan alarsa, elə isə buna görə biz məsuliyyət daşımayacağıqmı? 

Hazırda ölkəmizin ali təhsil müəsssisələrində tələbələrə “Multikulturalizmə giriş” fənni vasitəsilə dinlər haqqında biliklər verilir. Ümumtəhsil müəssisələrində isə məhdud sayda dini mövzuları da ehtiva edən “Həyat bilgisi” adlı fənn tədris edilir və ya dinlər haqqında məlumatlar Tarix, Ədəbiyyat, Azərbaycan dili fənlərindəki müəyyən mövzulara inteqrasiya olunur. Lakin fikrimizcə, bu, orta məktəb şagirdlərinə dinlərlə bağlı biliklərin verilməsi üçün zəruri tələbi yetərincə ödəmir. Bu baxımdan mövcud reallıqlar nəzərə alınmaqla ümumtəhsil məktəblərində yuxarı siniflərin birində dinlər, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm, xurafat haqqında bilikləri özündə əks etdirən birillik seçmə fənn kimi ayrıca dərsin keçilməsi məqsədəuyğun olardı”.