Məktəblərdə hansı şagirdlərdən koronavirus analizi götürülür?

mekteblerde-hansi-sagirdlerden-koronavirus-analizi-goturulur
Oxunma sayı: 1784

Ötən həftədən etibarən sosial şəbəkələrdə Təhsil Nazirliyi tərəfindən məktəblərdə koronavirusa yoluxma statistikası müzakirə olunur. İctimaiyyət, media nümayəndələri bu rəqəmlərin şübhə doğurduğu qənaətindədirlər. Bəzi təhsil ekspertləri isə açıqlanan rəqəmlərin yaxın günlərdə məktəblərin bağlanacağı ilə bağlı xəbərdarlıq olduğunu düşünürlər. 

Bəs bütün temperaturu yüksək olan şagirdlərdən analiz götürülürmü? Analizlərin hamısı dövlət hesabınamı aparılır? Məktəblər növbəti dəfə bağlana bilərmi?

“Qafqazinfo” bu və digər suallarla bağlı Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, koronavirusa yoluxma statistikası ilə bağlı rəsmi məlumatlar Səhiyyə Nazirliyi və GEM –dən (Gigiyena və Epidemiologiya Mərkəzi) alınan məlumatlar əsasında hazırlanır. 

Təhsil müəssisələrində yalnız xəstəliyin simptomları müşahidə olunan şagirdlərdən analiz götürülür: “Hərarəti yuxarı olanların xüsusi jurnalda qeydiyyatı aparılır, hərarəti enməyən təhsilalanlar haqqında məktəb rəhbərliyinə məlumat verilir, valideyni gələnə qədər xüsusi izolyasiya otağında saxlanılmasına nəzarət edilir. Xəstəliyin simptomları müşahidə edilən təhsilalanlardan analiz götürülür və həmin şagirdlərlə mütəmadi olaraq əlaqə saxlanılır”.

Distant təhsil alan məktəblilərdən də yalnız xəstəliyin simptomları müşahidə edildiyi halda test götürülür.

Təhsil Nazirliyindən o da bildirilib ki, bu günədək sinifdaxili, məktəbdaxili heç bir yoluxma qeydə alınmayıb. Şagirdlərarası yoluxmalar isə ailə üzvlərindən biri xəstələndiyi halda (test nəticəsi pozitiv çıxarsa) o zaman test götürülür. Şəxslərin xəstəliklə bağlı verdikləri analizlərin statistikası Səhiyyə Nazirliyi və GEM tərəfindən aparılır.

Məktəblərə yalnız bir çıxışının istifadəyə açıq olmasının virusa yoluxma hallarını artırmasına gəlincə isə, nazirlikdən bildirilib ki, xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir.

“Bu günlərdə məktəblərin bağlanması ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Bununla bağlı son qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək”, - nazirliyin cavabında qeyd olunub.

Gülnar Əliyeva