Arxa çantası uşaqların hər gün məktəbə gedərkən istifadə etdiyi əsas əşyalardan biridir. Bu səbəbdən də, valideynlər birinci sinif şagirdləri üçün məktəb çantasının seçiminə qayğı və diqqətlə yanaşmalıdırlar. Seçim zamanı yalnız dizayn və fərdi üstünlükləri deyil, həkimlərin tövsiyələrini də nəzərə almaq vacibdir. Axı birinci sinif şagirdi üçün düzgün seçilmiş məktəb çantası uşaqların sağlamlığını qoruyur və onlara əlavə narahatlıq vermir.
Qeyd etmək lazımdır ki, həkim-pediatr Afət Mirzəyeva echo.az saytı ilə müsahibəsində arxa çantasının ən mühüm xüsusiyyətlərinin onun çəki və ölçüsü olmasını xüsusi vurğulamışdır. “Məktəb yaşlarında olan uşaqlarda onurğanın formalaşması prosesi gedir. Daimi gərginlik isə qeyri-düzgün qamətin – skoliozun formalaşmasına səbəb ola bilər. Arxa çantasının çəkisini məktəblinin yaşına müvafiq seçmək vacibdir. Arxa və ya bel çantası uşaq üçün həddindən artıq ağır olmamalıdır. Bu, xüsusilə birinci sinif şagirdləri üçün vacibdir. Həddindən artıq ağır olan daimi yüklənmə onların tez yorulmasına səbəb ola bilər. Bu cür gərginlik bel və bağ ağrılarına gətirib-çıxara bilər. Çox vaxt ibtidai məktəb yaşlı uşaqlar yorğunluq və bağ gicəllənməsindən şikayətlənirlər. Orta və tam orta məktəb yaşlarında olan şagirdlər isə tez-tez həkimlərə beldə olan ağrılarla bağlı müraciət edirlər. Ağır məktəb çantaları uşaqların sağlamlığı üçün təhlükəlidir. Məktəb yaşlı uşaqların əksəriyyətində ortopedik xarakterə malik patologiyalar, xüsusilə də skolioz və qamət pozğunluğu müşahidə olunur”. – deyə həkim qeyd etmişdir.
Əvvəllər hesab olunurdu ki, portfeldən fərqli olaraq arxa çantası yükü bərabər paylaşdırdığından məktəbliləri onurğa ilə bağlı problemlərdən azad edə bilər. Lakin yaşa müvafiq olmayan ağır arxa çantası uşaqları irəli əyilməyə məcbur edir, bu isə qamətin pozulmasına, belin bükülməsinə səbəb olur. Xarici qüsurlardan əlavə, əyilmiş bel sümüyü daxili orqanları əzir və beləcə müxtəlif xəstəliklərin formalaşmasına gətirib-çıxarır.
Beləcə, qarşımızda duran ən mühüm məsələlərdən biri gələcək məktəbli üçün düzgün arxa çantasının seçimidir. Məsələ ondadır, düzgün seçilmiş arxa çantası nəinki gənc şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa yardım edir.
Düzgün seçilmiş arxa çantası necə olmalıdır?
Günümüzdə məktəblilərin 70%-i bel sümüyü problemləri ilə üzləşməkdədir. Və çox vaxt bu problemlərin yaranma səbəbi məhz arxa çantasıdır. Bu səbəbdən, portfelin rahat və praktik olması çox mühümdür. Son illərdə getdikdə daha çox valideyn ortopedik arxa çantalarına üstünlük verir. Onların əsas fərqi cəhəti nədən ibarətdir?
Ortopedik bellik
Bu cür arxa çantalarının əsas fərqli xüsusiyyəti onların ortopedik belliyidir. O, möhkəmdir və məktəb ləvazimatlarının çəkisini düzgün paylaşdırmağa imkan verən xüsusi materiallardan hazırlanmışdır. Beləliklə, uşaq arxa çantasının təzyiqi altında belini əyməyəcəkdir. Qeyd etmək lazımdır ki, hazırda anatomik belliyə malik bir çox arxa çantaları mövcuddur. Onlar bel sümüyünün əyilməsinin qarşısını almaq üçün onurğanın düzgün formasını təkrar edir (globalscience.ru).
Yüngül çərçivə
Çantanın əsası möhkəm olmalıdır. Lakin, bu, çantanın çəkisində özünü göstərməməlidir. Bu səbəbdən, daha yüngül materiallardan hazırlanmış portfellərə üstünlük vermək lazımdır. Bu cür modellərin geniş çeşidi mövcuddur. Yadda saxlayın ki, 7-10 yaşlı uşağın belində daşıya biləcəyi maksimal kütlə onun öz kütləsinin 15%-dən çox olmamalıdır. Axı belə göstərilən yüksək təzyiq yalnız bel sümüyü əyilmələrinə deyil, onurğa sütunu ilə bağlı daha ciddi problemlərə yol aça bilər.
Geniş qulplar
Hər şeydən öncə qeyd etmək lazımdır ki, qulplar yumşaq əsasa malik bərk materialdan olmalıdır. Onların arxa çantasının belliyinin hazırlandığı materialdan hazırlanması daha arzu ediləndir. Həmçinin, qulpların uzunluğunu tənzimləmək mümkün olmalıdır. Əgər qulplar narahat olarsa, uşaq arxa çantasını bir çiynində daşımağa çalışacaq. Bunun nəticəsində isə bir çiyin digərindən alçaq olacaq. Bundan başqa, qulpların sabit vəziyyətdə möhkəmlənməsi də nəzərə alınmalıdır. Çanta çiyinlərdə kip oturmalıdır, buna görə də, valideynlərin əsas vəzifəsi qulpları uşaq üçün rahat olan vəziyyətdə tənzimləyərək möhkəmləndirməkdir.
Xırda detallar
Uşağın rahatlığı üçün arxa çantası tutumlu olmalı, bölmə və ciblərə malik olmalıdır. Bir tərəfdən, bu, uşağa səliqəli olmağı öyrədəcək, digər tərəfdən isə, onu əlində tutacağı əlavə yükdən azad edəcək. Axı rəsm və fiziki tərbiyə dərslərinin ləvazimatları çantaya yerləşsə, uşaq əlində əlavə çanta daşımalı olmayacaq.
Amerika Pediatriya Akademiyası yaşın, boyun, maksimal yük götürmə qabiliyyətinin nəzərə alınması ilə məktəblilər üçün çanta seçimi ilə bağlı tövsiyələr hazırlamışdır.
Portfel və arxa çantasını uşağın böyüməsini nəzərdə tutub almaq lazım deyil. Bir əldə daşınmalı olan məktəb portfeli almayın. Ən yaxşı variant iki qulplu arxa çantasıdır. Bu cür əşya birinci sinif şagirdlərini onurğa sütunu və böyrəklərlə bağlı problemlərdən qoruyacaqdır (dom-shop.ru). Uşağın hər gün beli üçün zərər olmadan daşıya biləcəyi portfel və ya arxa çantasının çəkisi üçün müəyyən normalar mövcuddur: I və II siniflər – birinci sinif şagirdləri üçün arxa çantasının çəkisi 1,5 kiloqramdan çox olmamalıdır, III və IV siniflər – 2,5 kiloqramdan ağır olmayan arxa çantası seçin, V və VI siniflər – optimal çəki 3 kq təşkil edir, VII və VIII siniflər – portfelin çəkisi 3,5 kiloqramdan çox olmamalıdır, IX – XI siniflər – çanta 4 kiloqramdan ağır olmamalıdır. Əgər yuxarıdakı göstəricilərdən dərs ləvazimatlarının çəkisini çıxsaq, onda məktəblinin boş çantasının çəkisi 500-800 qram olacaqdır.