Melkonyanın qardaşı Ermənistanın məğlubiyyətinin səbəblərini sadaladı

melkonyanin-qardasi-ermenistanin-meglubiyyetinin-sebeblerini-sadaladi
Oxunma sayı: 4710

Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşı Marqar Melkonyan “Heqt.am” saytında yayımladığı məqalədə Ermənistanda 30 ilə yaxındır davam edən və ölkəni dalana sürükləyən ifrat millətçi siyasi xətti tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Melkonyan belə bir siyasi-diplomatik xəttin Ermənistanı dalana sürüklədiyini bildirərək artıq illuziyadan ayrılmaq vaxtı olduğunu qeyd edib. O, Ermənistan siyasi elitası və ictimaiyyətinin son 30 ildə bir sıra səfsətələrə qapıldığını, real faktorları və vəziyyəti görməzdən gəldiyini bildirib.

Daha sonra Ermənistanın son 30 ildə etdiyi yanlışları sadalayıb:

- Ermənistan Respublikasının hərbi potensialını həddindən artıq yüksək qiymətləndirmək;

- Azərbaycan Respublikasının hərbi potensialını və döyüşə hazırlığını aşağı qiymətləndirmək;

- Türkiyənin münaqişə prosesində təsirini görməzdən gəlmək;

- Ermənistanın diplomatik təcridini görməzdən gəlmək və Qərbin Ermənistanın yerinə müdaxilə edəcəyini fikirləşmək və ya sadəcə halüsinasiya etmək;

- Madrid prinsiplərinə, xüsusən də ilk prinsipə - “Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması”na dair beynəlxalq yekdil öhdəliyə məhəl qoymamaq;

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təhlükəsizlik müddəalarının Dağlıq Qarabağ üçün deyil, Ermənistan Respublikasının tanınmış ərazilərinə şamil olunduğu gerçəyini rədd etmək.

Melkonyan bununla yanaşı erməni diasporasının əhəmiyyətinin şişirdilməsinə də toxunaraq, nə son 30 ildə, nə də müharibə dövründə diasporun heç bir effektiv təsirə malik olduğunu xatırladıb. 

Fotoda: Ermənilərin beynəlxalq terror təşkilatı ASALA-nın emblemli köynəyini geyinmiş diaspor nümayəndəsi

“İstər ölkədə, istərsə də diaspordakı ermənilər diasporu Ermənistan üçün həlledici bir varlıq kimi təsvir etməyə vərdiş ediblər. Ancaq diaspor vətəndəki yoxsulluğu azaltmaqda otuz ildir uğursuz olduğu kimi, keçən payızda da məğlubiyyəti yumşaltmaqda da məyusedici bir şəkildə uğursuz oldu.

Geriyə baxanda, təsadüfi bir müşahidəçiyə belə aydın olmalıdır ki, erməni diasporu otuz il əvvəl Opera Meydanındakı fantastik gözləntiləri heç vaxt doğrulda bilməzdi”.

Melkonyan, həmçinin yeni müharibə istəyən revanşist müxalif qüvvələri də tənqid edərək onları bir daha realist olmağa çağırıb.

“İndi müxalif tənqidçilər növbəti müharibəni gözləyir və bir şəkildə Ermənistanı - otuz illik beyin axını keçirmiş yoxsul bir ölkəni yüksək texnoloji hərbi-sənaye kompleksinə sahib bir qarnizon dövlətinə çevirmək istəyirlər. Növbəti müharibəni səbirsizliklə gözləyən ultra-milliyyətçilər heç vaxt ən sadə kağız hesablamaları aparmamış kimi görünürlər: Azərbaycan indi Ermənistan əhalisinin üç qatına və ÜDM-i isə Ermənistanın dörd qatına bərabərdir”, - deyə o qeyd edib.

Melkonyan hazırda Ermənistanda davam edən ağır iqtisadi vəziyyəti nəzərə alaraq, ölkənin hərbi revanşist xülyalardan əl çəkərək, daha çox sosial-iqtisadi sahələrə diqqət ayırmalı olduğunu bildirib.

Son statistikalara görə, Ermənistanda yoxsulluq nisbəti 23 %-dir. Demək olar ki, ölkədə hər 4 vətəndaşdan 1-i yoxsulluq səviyyəsində yaşayır.

“İnsanlar işlərə və layiqli mənzillərə, səhiyyə xidmətlərinə, uşaq baxımlarına və təhsilə ehtiyac duyurlar. Otuz ildir ki, kapitalist rəhbərlərimiz bunlardan heç birini təmin edə bilməyib və bunun ölkənin uçuruma sürüklənməsini dayandırmaq üçün sürətli və ya əsaslı şəkildə dəyişəcəyinə çox dəlil yoxdur. Ermənistanın böyük kapitalistlərinin 20 siyasi partiyası var, hər biri bir-birindən daha ağılsız və daha millətçidir. Ancaq ölkənin yoxsul və işçi sinfinin əksəriyyətinə gəldikdə, onların heç bir təşkilati iştirakı yoxdur. Bu gün 44 günlük müharibənin dağıntıları altında dərs aydın olmalıdır: Ermənistana işçi sinfini təmsil edəcək güclü, mübariz bir partiya lazımdır”, - deyə Melkonyan qeyd edib.