“Dezinformasiyanın qarşısı alınmazsa, bu koronavirus qədər təhlükəli ola bilər”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihə barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Bildirilir ki, təklif edilən dəyişikliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə,
- ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına,
- həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.
Qanun layihəsi ətrafında müzakirələr başlayıb.
Deputat Qənirə Paşayeva bildirib ki, əgər dezinformasiyanın qarşısı alınmazsa, bu koronavirus qədər təhlükəli ola bilər: “Bu gün media qurumları daha çox rəsmi məlumatları yayırlar. Bu gün reytinq günü deyil. Hansısa başlıqları qoyub izləyici toplamaq günü deyil. Bəzi məlumatların da qaynağı xaricdən gəlir. Bir neçə gün öncə məlumat yayıldı ki, bir rayona çoxlu ambulans gedib. Mən həmin rayonda olan nə qədər adamlara zəng etdim ki, belə bir şey varmı? Amma doğru çıxmadı”.
Deputat Musa Qasımlı çıxışında bildirib ki, informasiyaya nəzarət edilməsinin əleyhinədir: “Ancaq bu sahədə tənzimləmələr olmalıdır”.
Deputat Erkin Qədirli təklif edib ki, parlamentin özünün kanalı olmalıdır: “Ayrıca yutub hesabı da olmalıdır. Çünki əsasən də, komitədə görülən işlərdən əksər seçicilər məlumatsızdır”.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər