Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılması üçün hazırlıq iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, məhkəmədə müdafiə tərəfi prosesin tam istintaqla keçirilməsi, Məmməd İbrahimlə bağlı seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və onun dəmirbarmaqlıqlar arasından çıxarılıb vəkilin yanında əyləşməsi barədə vəsatətlər verib.
Vəsatətlərdən biri- apellyasiya məhkəməsinin tam istintaqla keçirilməsi baxılmamış saxlanılıb. Digər iki vəsatət təmin edilməyib.
Növbəti məhkəmə prosesi 13 may saat 12:30-a təyin olunub.
Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
Son Xəbərlər