Məmmədəli

memmedeli
Oxunma sayı: 1688


Anamgilin kəndində bir Gopçu Məmmədəli var. Ayaması, adam haqda hər şeyi deyir. Məmmədəlinin yalanları dəhşətlidi. Bədii təfəkkürü olsaydı, əl-əl gəzərdi kitabları...

Bir gün əmim deyib ki, ay Məmmədəli, daha yaşlaşmısan e, saç-saqqalın ağarıb, bu yalanları yığışdır, ayıbdır. Deyib ki, əmoğlu, bilirsən, nətərdi, mən yalan danışmayanda elə bilirəm ki, ölmüşəm, yaşamıram. Camaat ki, yığışır başıma söhbət edəndə, ləzzət eləyir mənə. Məsələn, desəm ki, indicə Əliynən Vəlini gördüm, bir-biri ilə səmimi görüşdülər, hal-əhval tutdular, heç kim üçün maraqlı olmayacaq. Amma desəm ki, indicə Əliynən Vəlini gördüm, Əli bıçağı çıxartdı soxdu Vəlinin qarnına, millət yığışdı, polis, 103 töküldü gəldi, hamı üçün maraqlı olacaq. Danışanda camaat başıma yığışmadısa, ta bu noldu?

Gündəmə baxanda elə bilirsən ki, Məmmədəli hər yerdə var.

O gün atın bir qızı sürüməsi ilə bağlı xəbər yayıldı. Anındaca hadisəni təhrif edib buranı döndərdilər cahilliyin tüğyan etdiyi müsəlman ölkələrinə. O boyda faciəyə başqa cür don geydirdilər.

Düşüncəsi zülmət olan belə adamlardan soruşmaq gərək ki, o boyda faciəni dəyişib bu cür yazanda nə olur? Nə əldə eləyirsən? Ağlınmı artır? Ya qazancınmı?..

Bir qadın qətlə yetirilmişdi. Sosial şəbəkələrdə qızğın müzakirə gedirdi qətllə bağlı. Qatil qalmışdı bir kənarda, tökülmüşdülər ölənin üstünə. Mərhumənin ünvanına küfr yazanlardan birini tanıdım: evdə bığıburma ərinin arvadı, işdə oğlu yaşda birinin məşuqəsiydi...

Əfqanıstanda cahilliyin güdazına gedən Fərhundəni xatırladım...

Belə məqamlarda məmmədəlilər zühur eləməsə cahillik qınaq obyektinə çevrilər. Xilas, cahilliklə birgə mabarizədədi. Tunelin sonunda isə... işıq görünmür.

Hadisəni mübaliğə ilə təqdim edənləri dəstəkləyənlər daha çoxdu nədənsə. Kütləvi psixozdumu bu?

Sakit danışmağı, obyektiv münasibət göstərməyi niyə sevmirlər?

***     

Belələri öz içindəki Məmmədəlini boğmalıdı əvvəlcə, öldürməli, Fərhundə kimi sürüməlidi. 

Başqalarını asıb-kəsməkdə mahir olan həmin dil pəhləvanları bacararmı bunu?