Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Elmar Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barəsində danışıb.
O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verdiyini və bu töhfələrin 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdiyini vurğulayıb.
Elmar Məmmədyarov ölkəmizin öz müstəqilliyini əldə etdikdən sonra bir çox problemlərlə üzləşdiyi barədə danışaraq, xüsusilə 23 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 20%-dən çox ərazisinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşməsini qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini xatırladaraq, ikili standartlara əsaslanan yanaşma nəticəsində bu qətnamələrin tələblərinin hələ də icra edilmədiyini vurğulayıb.
Elmar Məmmədyarov son on il ərzində ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 4%-ə qədər aşağı həddə düşdüyünü, ümumdaxili məhsulun 3.5 dəfə artdığını və regionun aparıcı dövlətinə çevrildiyini bildirib.
Elmar Məmmədyarov Əfqanıstan rəsmiləri ilə görüşlərdə bu məsələlər, o cümlədən Azərbaycanın inkişaf modeli və təcrübəsi ətrafında fikir mübadilələrinin aparıldığını qeyd edərək, Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardım kimi məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini nəzərə çatdırıb.
Nazir Elmar Məmmədyarov regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu vurğulayıb.
Görüş əsnasında Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geo-strateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər