Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, Elmar Məmmədyarovla Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.
Elmar Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək, bu xüsusda üzv ölkələrin ərazisində mövcud olan və həlli uzadılmış münaqişələrin bu təhlükəsizliyə ciddi hədə olduğunu vurğulayıb. Məmmədyarov fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.
Öz növbəsində, Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu qeyd edib. Bu xüsusda, fəaliyyətdə olan sədr səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.
Son xəbərlər
Son Xəbərlər