Məmmədyarov Çilidə rəsmi səfərdədir

memmedyarov-cilide-resmi-seferdedir
Oxunma sayı: 718

Xarici işlər naziri Elmar Məmmədyarov Çiliyə rəsmi səfəri çərçivəsində ölkənin XİN rəhbəri Roberto Ampuero ilə görüşüb

“Qafqazinfo”nun xəbərinə görə, görüş zamanı Roberto Ampuero azərbaycanlı həmkarının Çiliyə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə iki ölkə arasında bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycanda Çili Səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına yeni bir təkan verəcəyi diqqətə çatdırılıb.

Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.

Tərəflər arasında habelə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Məmmədyarov Çili tərəfinin Qoşulmama Hərəkatının cari ilin oktyabır ayında Azərbaycanda keçiriləcək sammitinə dəvət olunduğunu vurğulayaraq, Çilinin həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.